Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gələcəklər

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycana dəvət olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) “Report”a verilən məlumata görə, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfə doğma Vətəndə olacaqlar.

Səfər yaxın vaxtlarda baş tutacaq.

Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaqlar. Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.

Qeyd edək ki, uzun illərdir böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.

Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.

İsa Həbibbəylinin yazdığı “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” Azərbaycan elmində yazıçıların nəsil ağacından bəhs edən ilk tədqiqatlardan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zahid Oruc Əli Əsədova çağırış etdi:

Sonrakı məqalə

DSMF-nın 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb