CAR-da koronavirus peyvəndinin sınağına başlanılır

24 İyun 2020 - 12:30

Bu gün yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvəndin Cənubi Afrika Respublikasında (CAR) sınağına başlanılır.

APA-nın xəbərinə görə, bu barədə yerli “eNCA” telekanalı məlumat yayıb.

Peyvəndin sınağı Yohannesburq şəhərinin ətrafındakı Vitvatersrand Universitetində 2000 könüllünün iştirakı ilə keçirilir.  

Peyvəndi Oksford Universiteti və “AstraZeneca” əczaçılıq korporasiyası birgə hazırlayıb.

Bu peyvəndin ilkin sınaqları Böyük Britaniyada könüllülərin iştirakı ilə keçirilib. Sınaqların Braziliya və ABŞ-da da həyata keçirilməsi planlaşdırılır.

Pandemiyanın əvvəlində Afrikada bir qrup qeyri-hökumət təşkilatı koronavirus peyvəndlərinin sınaqlarının qitədə keçirilməsinə icazə verməyəcəklərini bəyan etsələr də, daha sonra fikirlərini dəyişiblər.