Ərdoğan Türkiyə həbsxanalarında olan İŞİD-çilərin sayını açıqladı

07.11.2019 · 11:53 · Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə həbsxanalarında saxlanılan İŞİD terror təşkilatının üzvlərinin sayını açıqlayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Macarıstana səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə həbsxanalarında 1149 nəfər İŞİD-çi var.

“İndiyə kimi Türkiyəyə girişi qadağan edilən İŞİD-çilərin sayı 76 min nəfərdir. 7550 İŞİD üzvü isə Türkiyədən deportasiya edilib”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Gürcüstanda nazir istefa verib

07.11.2019 · 10:53 · Dünya

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili istefa verib.

Nazirin istefası barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında məlumat verib. Baş Nazir M. Batiaşvilinin özünün istefa ərizəsi ilə müraciət etdiyini qeyd edib.Qaxaria M. Batiaşviliyə xidmətlərinə görə təşəkkür edib. (APA)

Dövlət Departamenti Trampı təkzib etdi:

07.11.2019 · 10:08 · Dünya

ABŞ Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD terror qruplaşmasının yeni lideri olmuş şəxsin kimliyi barədə demək olar ki heç nə bilmir.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə bildirib. Onun sözlərinə görə, Amerika hakimiyyəti silahlıların yeni lideri haqqında “demək olar ki heç nə bilmir”.

Diplomat qeyd edib: “Onun kimliyi, yəqin ki, heç kimə məlum deyil. Heç kim onun keçmişi haqqında bilmir”.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İŞİD-in yeni liderinin kim olduğunu dəqiq bildiyini söyləyib. Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin terror ilə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls Vaşinqtonun İŞİD-in yeni liderinin kimliyi barədə dəqiq məlumatının olub-olmaması barədə suala cavab verməkdən yayınıb.

Britaniyada ətrafa kimyəvi maddə sızdı –

06.11.2019 · 23:41 · Dünya

Böyük Britaniyanın Kent qraflığında kimyəvi maddənin sızması nəticəsində azı 57 nəfər xəsarət alıb.

APA “Sky News” telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla 14:20-də Meydstoun şəhərində baş verib.

Bildirilir ki, həkimə müraciət edən şəxslər nəfəs problemlərindən şikayətləniblər. Eyni zamanda xəstələrin heç birinin vəziyyətində ağırlaşma müşahidə edilməyib.

“Nəfəs problemləri ilə əlaqədar şikayət edən 57 nəfərə yerində köməklik göstərdik. Bəziləri evə buraxılıb. Hazırda heç bir xəstənin vəziyyəti ağır qiymətləndirilmir”, – deyə “Association Press” agentliyi İngiltərənin cənub-şərq sahilinin təcili tibbi yardım xidmətinin mətbuat katibliyinə istinadən sitat gətirib.

Hadisənin digər təfərrüatları, sızıntının harada baş verdiyi və hansı maddənin sızdığı hələlik məlum deyil.