Axtarışda olan 25 nəfər tutulub –

21.10.2019 · 11:18 · Sosial

Respublikanın daxili işlər orqanları tərəfindən, istirahət günlərində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Sabunçuda 8 qəzalı yaşayış binası sökülür –

21.10.2019 · 09:34 · Sosial

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.

Məlumatda qeyd edilir ki, yaşayış binaları Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvəri küçəsi, 13Q və D.Pişəvəri küçəsi,15 ünvanındakı binalardır.

Azərbaycanlı biznesmenin hesabları keçmiş arvadına görə dondurulur –

21.10.2019 · 08:44 · Sosial

Azərbaycanlı biznesmen Fərhad Əhmədov problemlə üzləşib.

Fins.az “The Daily Mail”ə istinadən xəbər verir ki, iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.

Buna səbəb isə F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən, o, T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının yalnız 5 milyon funt-sterliq köçürüb.

Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir.

“Yaxın günlərdə bütün sənədsiz evlərə sənəd veriləcək”-

20.10.2019 · 23:42 · Sosial

“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib. Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.

“30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, – deyə Eldar Əzizov bildirib. (Azxeber.com)