Çexiya, Avstriya və Slovakiya Ukraynanı dəstəklədiklərini bəyan ediblər

09.02.2022 · 11:00 · Dünya

Ukrayna prezidenti Vladimir Zelenski üç ölkənin xarici işlər nazirləri – Yan Lipavski (Çexiya), Aleksandr Şallenberq (Avstriya) və İvan Korçokla (Slovakiya) görüşüb.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
Diplomatlar Ukraynaya “Slavkov” formatı (üç ölkə arasında regional əməkdaşlıq forması) çərçivəsində, Çexiyanın təşəbbüsü ilə səfər ediblər. Zelenski xarici işlər nazirlərinə Donbasdakı təhlükəsizlik vəziyyəti, həmçinin Ukraynanın Minsk prosesinin intensivləşdirilməsi, Normandiya formatında işləmək təşəbbüsləri barədə danışıb.

XİN rəhbərləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Həmçinin bəyan ediblər ki, Ukraynanın təhlükəsizliyi təmin etmək yollarını müstəqil müəyyənləşdirmək və müdafiə ittifaqları seçmək hüququ var. Yan Lipavski, Aleksandr Şallenberq və İvan Korçok bildiriblər ki, Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyindən ayrılmazdır və burada sülhə nail olmadan qitədə sabitliyin təminatı mümkün deyil.
Zelenski həmçinin Ukrayna ilə Avropa İttifaqı arasında iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinin və Ukrayna mallarının Avropa bazarına çıxışının genişləndirilməsinin vacibliyini qeyd edib.
Azpost.info