Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

19 May 2021 - 19:50

Xarici işlər naziri Ceyhun Bayramov son günlər Azərbaycan-Ermənistan dövlətsərhədində baş verən gərginliyə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşdə nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib.

XİN başçısı bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.

Nazir deyib ki, Azərbaycan hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytarıb.

Nazirin sözlərinə görə, 1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib.

O bildirib ki,kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqlar davam etdirilir.

“Eyni zamanda, hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumat bu günədək Ermənistan tərəfindən verilməyib”, – deyə XİN başçısı vurğulayıb.