Çin markalarının elektrik avtomobillərinin Avropadakı satışları rekord həddə çatıb. 2026-cı ilin ilk beş ayında Qərbi Avropada satılan yeni elektrik avtomobillərinin 14,2%-i Çin istehsalçılarının payına düşüb. Başqa sözlə, satılan təxminən hər yeddi yeni elektrik avtomobilindən biri Çin markasına məxsus olub.
“The Guardian”ın Schmidt Automotive Research məlumatlarına istinadən yaydığı xəbərə görə, yanvar-may aylarında Qərbi Avropanın 18 əsas bazarında Çin istehsalçıları təxminən 171,8 min elektrik avtomobili satıblar.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə Çin şirkətlərinin bazar payının təxminən 5 faiz bəndi artması deməkdir.
BYD, Chery və digər Çin markaları Avropada böyüyür
Çin avtomobil istehsalçıları arasında BYD, Chery, SAIC və Xpeng Avropa bazarında mövqelərini sürətlə genişləndirirlər. Satışların artması Avropa İttifaqının bəzi Çin istehsalçılarının elektromobillərinə tətbiq etdiyi əlavə gömrük rüsumlarına baxmayaraq baş verir. Bu rüsumlar standart 10%-lik idxal vergisinə əlavə olaraq 35,3%-ə qədər yüksələ bilər.
Çin elektromobillərinin Avropadakı ən böyük bazarı Böyük Britaniya olub. London Avropa İttifaqından fərqli olaraq Çin elektromobillərinə əlavə rüsum tətbiq etməyib. Böyük Britaniyanın payına Qərbi Avropanın 18 əsas bazarında Çin elektromobillərinin satışlarının təxminən dörddə biri düşüb.
İtaliya isə satışların təxminən beşdə birini təmin edib. Lakin analitiklər bu nəticəni müəyyən mənada istisna hesab edirlər. Çinin Leapmotor şirkəti İtaliyaya minlərlə ucuz T03 elektromobili tədarük edib. Dövlət subsidiyaları hesabına həmin avtomobilləri müəyyən dövrdə təxminən 5 min avroya almaq mümkün olub.
Çin şirkətləri modellərin sayında da Avropanı keçir
Çin avtomobil istehsalçıları Avropada yalnız satışlarını deyil, model çeşidini də genişləndiriblər.
Bu il Avropa bazarında Çin şirkətlərinin 120-dən çox elektromobil modeli təqdim edilib. Avropa markalarının təqdim etdiyi modellərin sayı isə təxminən 100 olub. Bununla belə, Schmidt Automotive Research şirkətinin təsisçisi Mattias Şmidt hesab edir ki, Çin istehsalçılarının tam elektrik avtomobilləri bazarındakı payı artıq pik həddinə yaxınlaşmış ola bilər.
Onun fikrincə, Çin şirkətləri bundan sonra plug-in hibrid avtomobillərin satışına daha çox diqqət yetirə bilər. Səbəb isə Aİ-nin əlavə rüsumlarının hələlik bu avtomobillərə şamil edilməməsidir.
Avropada isə hibrid avtomobillərə də tariflərin genişləndirilməsi məsələsi müzakirə olunur. Volkswagen şirkətinin rəhbəri Oliver Blume daha əvvəl bildirib ki, Avropa avtomobil istehsalçıları bu seqmentdə Çin şirkətləri ilə rəqabət aparmaqda çətinlik çəkirlər.
Tesla da Avropada satışlarını artırıb
Bu arada Avropa elektromobil bazarında Tesla üçün də müsbət dinamika qeydə alınıb. Şirkətin satışları illik ifadədə 60% artıb. Buna daha münasib qiymətə təklif olunan Model 3 və Model Y versiyalarına tələbin yüksəlməsi səbəb olub.
Model Y isə 2026-cı ilin ilk beş ayında Avropada ən çox satılan ayrıca avtomobil modeli olub.
S.Abdulla