COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilir

Azərbaycan Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən regionda bərpa olunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etmək məqsədilə Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilir.

COP29 çərçivəsində təşkil edilən Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən olan nazirlər, nazir müavinləri iştirak edirlər.

Forumda Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağın yolları müzakirə edilir. Bu məqsədlərə çatmaq istiqamətdə “Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edilib. Proqram Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.

Forum Mərkəzi Asiyada enerji keçidinə dair investisiya və maliyyə siyasətləri, maliyyə ehtiyacları və prioritetləri, iqlim maliyyəsi üçün çərçivələr və digər maliyyə alətlərinə dair müzakirələrlə iki gün davam edəcək. Keçiriləcək xüsusi sessiyalar arasında Enerji Keçidlərinə dair Maliyyələşdirmə Dialoqu, IRENA-nın Mərkəzi Asiya üçün Layihə Asanlaşdırma Alətləri üzrə İnteraktiv Sessiyası və Mərkəzi Asiya üzrə Regional Seminar yer alır. Hər bir sessiya iştirakçılara maliyyələşdirmə sahəsində innovativ həll yolları və ən yaxşı təcrübələr haqqında geniş məlumatlar təqdim edəcək.

Əvvəlki məqalə

Daha dörd avtobus marşrutunun fəaliyyəti bərpa olunur

Sonrakı məqalə

Heydər Əliyev Mərkəzində “Ana təbiət” sərgisi açılıb