Çərşənbə günü Corc Floydun öldürülməsi ilə əlaqədar daha üç nəfərə qarşı cinayət işi açılıb.
Minnesotanın baş prokuroru Kit Ellison Floydun nəfəs ala bilmədiyini deməsinə baxmayaraq, dizini onun boynunda saxlayan ağ polis zabiti Derek Çauvinə qarşı ‘ikinci dərəcəli qətl’ ittihamı irəli sürüb. Bu, daha öncə ona qarşı irəli sürülmüş üçüncü dərəcəli qətl və ikinci dərəcəli ehtiyatsızlıqdan adam öldürmə ittihamlarından daha ağır bir ittihamdır.
Bundan əlavə Ellison mayın 25-də hadisə yerində olan, amma insidentə müdaxilə etməyən digər keçmiş üç polis zabitinə qarşı da ikinci-dərəcəli qətlə yardım və vasitəçilik ittihamları irəli sürüb. Bu üç keçmiş polsi zabitləri Tou Tao, Aleksandr Kuenq və Tomas Leyndir.
Hər dörd polis zabiti Floydun ölümündən dərhal sonra işdən çıxarılmşdı, amma təkcə Çauvinə qarşı cinayət işi açılmışdı.
Floydun ölümü bütün Birləşmiş Ştatlar boyu bir həftədən çoxdur davam edən etirazlara səbəb olub. Bu etirazların çoxu dinc keçir.
Lakin bəzi etirazlarda rəsmilərlə nümayişçilər arasında şiddətli qarşıdurmalar baş verib, polis maşınları və hökümət binaları yandırılıb, bəzi mağazalar talan edilib.
Bu, ABŞ-da son onillərdə baş verən ən genişmiqyaslı vətəndaş qarşıdurmasıdır.
The Associated Press son səkkiz gün ərzində ölkə boyu 9,000-dən çox insanın həbs olunduğunu bildirir.
Çərşənbə günü ittihamlar irəli sürülmədən öncə Floydun ailəsinin vəkili Ben Kramp deyib:
“Biz ədalət tələb edirik. Biz Minneapolisdə xatirə abidəsi ucaltmadan öncə polis zabitlərinin hər birinin həbs olunmasını gözləyirik.”
Üçüncü dərəcəli qətl bir insanı qəsdsiz və başqa bir cinayətin bir hissəsi olmadan qətlə yetirmək hesab edilir.
İkinci dərəcəli qətl isə əvvəlcədən düşünülməmiş şəkildə, amma qəsdən törədilmiş qətldir. ABŞ-da hər cür qətldə şübhəli bilinənlər hər zaman olmasa da, əksər hallarda on illərlə davam edən həbs cəzası ilə üzləşir.
ABŞ-ın böyük şəhərlərinin küçələrində çox sayda polisin olması və merlərin komendant saatı tətbiq etməsi nəticəsində çərşənbə axşamı və çərşənbə günü zorakılıqlar azalıb.
“Biz ötən gecə son bir neçə gündür davam edən bu çətin dövrdən çıxıb daha yaxşı dövrə keçid etmək yolunda böyük addım atdıq,” Nyu Yorkun meri Bill de Blasio deyib.
O bildirib ki, Nyu York polisi çərşənbə axşamı təxminən 280 nəfəri etirazlarla əlaqədar ittihamlarla həbs edib. Bundan bir gün öncə isə 700 nəfər həbs edilmişdi.
Floydun ölümü və ondan sonra baş verən etirazlar bütün dünyanın diqqətini cəlb edib və dünyanın bir neçə ölkəsində Floydun qətlinə və polisin çox vaxt qaralara ağlarla müqayisədə daha pis rəftar etməsinə görə qəzəblənən etirazçılara dəstək məqsədilə nümayişlər keçirilib. (Amerikanın Səsi)