COVID-19-un ən çox rast gəlinən️ fəsadlarından biri uzun müddətli quru öskürəkdir

 

Yeni növ koronavirus (COVID-19) xəstəliyinin ən çox rast gəlinən️ fəsadlarından biri də uzun müddət davam edən quru öskürəkdir. Bəzi xəstələrin bir neçə ay əvvəl sağalmasına baxmayaraq, onlar quru öskürəkdən xilas ola bilmirlər.

Öskürək sağaldıqdan sonra hətta 2 ay da davam edə bilər. Təəssüf ki, bəzi xəstələr özlərini yaxşı hiss edən kimi onlara koronavirusa yoluxduqları dövrdə təyin edilən dərmanlardan imtina edirlər. Əslində isə, dərmanlar həkimin təyin etdiyi müddətədək qəbul edilməlidir. Əks halda, belə xəstələr bir müddət sonra yaranan öskürəkdən xilas ola bilmir və ya digər qalıcı simptomlardan əziyyət çəkirlər. Quru öskürəkdən əziyyət çəkən xəstələrə məsləhət edilir ki, otaqları düzgün havalandırsınlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, ev şəraitində inhalyasiya aparatları vasitəsilə quru öskürəyi müalicə etmək olar: “Həkimlər öskürəyin tipinə uyğun inhalyasiya təyin edirlər. Bunun üçün təbii inhalyasiya üsullarından və müxtəlif bitkilərdən də istifadə oluna bilər. Müalicəyə gəldikdə isə, öskürəyin səbəbləri müxtəlif olduğundan hər kəsə eyni üsulla müalicə tövsiyə edilmir. Koronavirusun qalıcı simptomu hesab edilən quru öskürəklə mübarizə aparmaq üçün ev şəraitində xüsusi bitki çaylarından da istifadə etmək olar. Bunun üçün həkim təyinatı mütləqdir. Ümumiyyətlə, ev şəraitində ilk olaraq immun sistemini möhkəmləndirmək lazımdır. Öskürəkdən əziyyət çəkənlər, misal üçün, şəkər xəstəsi olmadıqları halda, südlə balı qarışdıraraq içə bilərlər. Eyni zamanda, bol meyvə-tərəvəz yemək lazımdır. Ən əsası, açıq havada olmaq, tənəffüs hərəkətləri etmək vacibdir”.

N.Kərimovanın dediyinə görə, istənilən halda quru öskürəyin səbəbi müəyyən edilməlidir: “Öskürək virus, bakteriya və ya allergik mənşəli ola bilər. Ona görə də, apteklərdə satılan müxtəlif dərman preparatların quru öskürək üçün effektli olub-olmaması dəqiq deyil. Müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir. Öskürəyin olması hər hansı xəstəliyin mövcudluğundan xəbər verir. Öskürək, həmçinin bir çox xəstəliklərin, eləcə də qripin və hətta onkoloji xəstəliklərin ilk simptomlarından ola bilər. Yəni, ciddi yanaşmaq və müayinəni gecikdirməmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Sonrakı məqalə

Xarkov şəhəri bombalanır