Damla Şekspirdən sitat gətirdi:  “Xəzinəm var, onu xərcləyirəm” (MÜSAHİBƏ)

Uzun müddətdir efirdə görünməyən  tanınmış müğənni Damla milli.az-ın suallarını cavablandırıb.

Azpost.info  müsahibəni oxucularına təqdim edir:

 Adınızı dəyişib Damla qoydunuz. Əlinizdə olsaydı, keçmişinizlə bağlı daha nəyi dəyişərdiniz?

– Məsələ burasındadır ki, adımı da özüm dəyişməmişəm. Bu proyekt rəhbərinin ideyası olub. İnsan yaşa dolduqca, yaşadıqca, həyatında nələrisə dəyişməyə can atır. Düzdür, mən xarici görünüşdə dəyişikliklərə qaçan insanlardan deyiləm. Amma işlərimdə janr etibarı ilə dəyişikliklər düşünürəm. O da bəstələrimizdə özünü büruzə verəcək.

İnsan hər zaman hansı yaşında olursa olsun, dünənində nələrisə dəyişmək istəyir. O da, təbii ki, əlimizdə deyil. Əlimizdə olan yalnız keçmişdə buraxdığımız səhvləri təkrarlamamaqdır. Dəyişmək istərdim çox şeyi, artıq o yaşanıb. Yaşanacaq bir şeyi necə dəyişmək olar?

Efirlərdə son zamanlar az-az görünürsünüz. Telekanallarda sizə qadağa var, yoxsa artıq reklama ehtiyac duymursunuz?

– Əstağfurullah! O, yekəxanalıq baxımından deyil. Sadəcə olaraq, mən istəmirəm tez-tez efirlərdə görsənmək, hər gün proqramlarda olmaq. Təsəvvür edin, tamaşaçı hansı kanalı açır – Damla. İnsanları bezdirmək istəmirəm. Zamanında da mən belə olmuşam. Mən heç vaxt gündə efirə çıxan müğənni olmamışam. İlə iki dəfə çıxırıq, elə olur ildə bir dəfə görünürük. Mən hər zaman yeniliklərlə – yeni mahnılarla, yeni kliplərlə, yeni proyektlərlə görünmək istəyirəm. Bir il ərzində bir yeni mahnı yazıdırıb, 20 verilişə çıxıb hər dəfə eyni mahnını oxumaq istəmirəm (gülür).

Bəs sizin şəxsi həyatınızda vəziyyət nə yerdədir?

– Təkəm, evlilik yoxdur. Özəl həyat yoxdur. Hal-hazırda işlərimlə məşğulam. Bu aralar konsertlər düşünürük. Mən özünü yaradıcılığına həsr edən insan olduğum üçün bütün söz-söhbətlərdən qaçıram. Mənə belə daha rahatdır.

Hələ 31 yaşınız var. Bəs nə vaxtsa ikinci dəfə ailə həyatı qurmaq barədə düşünürsünüz?

– Mən zamanında “heç vaxt, heç vaxt” çox demişəm. Deyirlər e, hər insanın çılğınlıq dönəmi olur. Amma insan yaşa dolduqca bunu arzulayır. Qismətdə xeyirlisi olacaqsa, Allah nəsib eləsin. Yox, əgər peşmançılıq yaşanacaqsa, yenə ağrı-acı olacaqsa, belə həyat (Red: təklik) mənə daha rahatdır. Xeyirlisi olsun inşəAllah, olacaqsa. Amma hazırda planımda evlənəcəyim bir insan yoxdur. Özəl həyatda yenilik yoxdur.

Təklikdən qorxmaq kimi bir fobiyanız yoxdur?

– Oğlum var. İnşəAllah evlənər, gözəl bir qız alar. O da ikinci övladım olar. Bərabər yaşayarıq. Mən ilanla da, ən çətin adamla da yola gedəsi bir insanam. Mənlə yola getmək çox asandır. Allah qismət eləsin oğlumun xoş gününü görüm. Yaxşı bir ailənin qızı gəlsin, sevsin, övladları olsun, nəvələrimə başım qarışsın. Təklik Allaha məxsusdur. Niyə tək qalıram ki, gül kimi balam var.

Təzəlikcə sürpriz evlilik təklifi almısınız?

– Əslində, yox. Bəlkə də şərait yaratmıram deyə olmayıb. Mən yalnız işə adaptasiya olmuşam, hazırda da beynim yalnız işlə yüklənib. Yorulmusunuz məndən, ərə gedim oxumayım mən? (gülür). Efirlərdə görünməməyim adətən belə şübhələr yaradır.

Oğlunuzun fikirləri şəxsi həyatınızla bağlı qərarınıza təsir edirmi?

– Bəli! İcazə verməz, istəməz, razı olmaz yenidən ailə qurum. O, bunu heç vaxt istəməz, razı olmaz. İkinci dəfə ailə qurmağımla bağlı qərarımda da qarşımı kəsən odur. Ona görə də o xəyallara çox dalmıram. Ani bir istəkdir, gəlir-gedir.

Həmyaşıdlarınızdan özünüzə rəqib gördüyünüz varmı?

– Hər zaman qaçdığım, cavablandırmaq istəmədiyim bir sualdır. Çünki yaradıcı insan kiminsə acığına, kiməsə görə özünə nəyisə sübut etmə üçün çalışmaz. Bir müəllim məktəbdə dərs deyir. Məqsəd nədir? Yaxşı şagirdlər yetişdirmək, cəmiyyət üçün yararlı olmaq. Mən, sadəcə, bu sahədə yaxşı ifaçı olub, insanların musiqi zövqünü oxşamaq üçün çalışıram. Mən bundan üstünəm, bundan aşağıyam, bunu keçəcəm, bu dalda qaldı, bir az öyünüm, mən onu keçdim, fəxr edim. Mən bu gün nömrə birəm, mən öndəyəm, məndən yoxdur, mən bəşəriyyətə gəlmiş nadir tapıntıyam… İlk gəldiyim gündən demişəm ki, “Burada mənəm, Bağdadda kor xəlifə” kimi belə ifadələri məndən eşitməyəcəksiniz. Düşünürəm ki, rəqabət yalnız idmanda ola bilər. Bu yaxınlarda İnstaqram-ımın “hekayə” bölümündə paylaşmışdım – Həbib, rəqabət bax odur. Rəqibini uddu və yarışı qazandı. Bizim sahədə nə rəqabət? Rinqə çıxırıq biz, yoxsa döyüşürük? Mən bu fikirlərlə razı deyiləm. Bu incəsənətdir. Bu insanın ruh halını anladan bir sənətdir. Burada duyğular danışır, burada hisslər danışır. Mənim üçün “rəqabət” sözü incəsənət üçün deyil.

Damla nədən qorxur?

– İnsan əzizlərini itirməkdən qorxur. Qalan – dünya malı da düzələr, ev də düzələr, maşın da düzələr, iş də düzələr, pul da gələr. Bu dünyada Allahın verdiyi sağlam canı geri qaytarmaq olmur. Müəyyən xəstəliklər var ki, tibb elmi də onun qarşısında acizdir. Bir də ki, Allah ömür-zaman yazır ki, bu müddətdən sonra heç zaman əzizlərini belə geri qaytara bilməzsən. Yalnız əzizlərimiz yanımızda olsun, başqa həyatda qorxacağım elə bir şey yoxdur.

Anonim hədiyyələr çox alırsınız?

– Ətrafı geniş insan olmadığım üçün evimdən, işçilərimdən kənar bir yaşantım olmadığı üçün və özümə aid məsələləri ictimiləşdirmədiyim üçün bu şeylər mənim həyatımda yaşanmır. Bilirəm ki, bundan sonra da çətin yaşana. Çünki mən ictimailəşməkdən çəkinən bir insanam. İstəmərəm ki, hansısa bir hərəkətimlə xatırlayıb desinlər ki, “A, Damla”. Mənim oxumağımdan danışsınlar, repertuarımdan danışsınlar, çəkdirdiyim kliplərdən danışsınlar, anşlaqla keçən konsertlərdən danışsınlar. Bir-birinin ardınca gələn hitlərdən danışsınlar. Mənə lazım deyil bu – paltarını belə geyindi, saçını ortadan bu tərəfə ayırdı, Damla neçə minlik çanta götürdü. Mən yuxudan duranda fikirləşmirəm ki, kimə söz atım, nə yazım bu gün məndən danışsınlar. Qoy onlar danışsınlar, sən sus. Nəticə, onsuz da, özü danışacaq. Bəlkə də bu, mənim tərbiyə aldığı ailədən asılıdır. Biz uşaq olanda mənim yadıma gəlmir ki, anam qonşularla həyətə düşsün, yığışıb qeybətləşsinlər. Gözümüzü açandan biz bunu görmüşük – qeybət olmaz, başqasının həyatından danışmaq, müzakirə etmək olmaz. Hər zaman anam Allah xofu ilə bizi qorxudub ki, o, sənin də başına gələ bilər. Kimsə dünyasını dəyişərsə, insanam, üzülərəm. Kimsə ailə həyatı qurarsa, Allah xoşbəxt eləsin, kim ayrılarsa, Allah yardımçısı olsun.

Həyat təcrübənizdə “Rəfiqə”, “dost” deyib yanıldığınız insan olub?

– Mən bir şeyi anlaya bimirəm, bəlkə siz onu bilərsiniz – Bu kamerada nə var? Bu kameranın qarşısına keçəndə niyə başqalaşırlar, niyə dəyişirlər? Bizim sahədə məni təəccübləndirən çox insan olub, amma düşünmüşəm ki, bu da onun həyata baxış tərzidir də, neyləmək olar?! O, elə görür, mən onu necə dəyişim? Bir misal var: 6-nın bir başında bir insan dayanıb, o biri başında başqa bir insan dayanıb. O, onu 9 görür, sən 6 görürsən. Saatlarla dalaşaq, yəni mən onu dəyişə bilmərəm. Mənim hansısa müsahibəm onu dəyişə bilməz.

Ona görə də bəzi mövzularda insan, ümumiyyətlə, susmalıdır. Şeksprin gözəl bir sözü var. Deyir, “İnsanlar danışmağı öyrəndilər, amma nə zaman, harada susmaq lazım olduğunu öyrənə bilmədilər”. Susmaq daha önəmlidir.

Toy qiyməti yüksək müğənnilər sırasındasınız?

– Bunu insalara buraxmaq lazımdır. Çünki mən əksər həmkarlarımın toy qiymətlərini bilmirəm. Əksəriyyətinin toy qiymətlərini bilmədiyim üçün cavab verə bilməyəcəm. Bilmirəm, ucuzdur, bahadır, nə bilim… Allahın verdiyi ruziyə şükürlər olsun. Nə var min şükür olsun. Kimdənsə asılı deyiləm, kiminsə hesabına yaşamıram, kimlərdənsə maliyyələşmirəm. Allaha şükürlər olsun ki, bir xəzinəm var (red: boğazını göstərir), onu yavaş-yavaş xərcləyirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan:

Sonrakı məqalə

“Beluqa Tahir” də saxta araq düzəldirmiş –