Deputat cərimələri artırmağın əleyhinə çıxdı:"Təcili alternativ yollar tapılmalıdır"

Koronavirusla mübarizədə cərimələri artırmaqla nəyəsə nail ola bilməyəcəyik. Ona görə ocaqlarda – supermarketlərdə, apteklərdə və ictimai nəqliyyatda (metro və avtobus) nəzarət tədbirləri gücləndirilməlidir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri deyib ki, Operativ Qərargah təcili alternativ yollar barədə düşünməlidir: “Qaydalara nəzarəti gücləndirməsək, cəriməni 10 qat artırsaq da, nəticəsi olmayacaq. Hər gün deyirik “maska taxın, məsafə saxlayın!”,  bunlara əməl olunmursa, nəzarəti gücləndirməliyik. Hər yoluxma artdıqca, cəriməni qaldırmaqla bir nəticə əldə edə bilməyəcəyik. Operativ Qərargah alternativ yollar düşünməli və bunu ictimaiyyətə təlqin etməlidir. Yoxsa 2-3 aydır eyni şeyləri deyirik, eyni şeyləri eşidirik”.

M.Quliyev qeyd edib ki, Operativ Qərargah ölkədə fəaliyyət göstərən market şəbəkələrinin rəhbərliyilə müzakirələr aparmalıdır: “Onların sayı elə də çox deyil. “Bravo”, “Bolmart”, “Araz”, “Rahat”, “Bazarstore”, “Oba” və s.-nin rəhbərlərilə birlikdə brifinq keçirmək və vəziyyəti izah etmək olar. Ciddi tapşırıq verilməlidir ki, heç kəs supermarketlərə maskasız daxil olmasın. Xüsusilə də öz işçiləri maskasız xidmət göstərməsinlər. Mən öz müşahidələrimə əsasən deyirəm ki, aptek və market işçiləri ya maska taxmır, ya da maska çənənin altındaykən xidmət göstərirlər. Bunlar koronavirusun yayılma ocaqlarıdır”.

Parlamentari onlayn xidmətin artırılmasını təklif edib: “Epidemiyanın 15-20 günə bitəcəyinə kimsə qarantiya vermir. Ona görə də onlayn sifarişləri artırmaq lazımdır. Lap xidmətin üzərinə də 3-5 faiz qoya bilərlər. Yaxud vətəndaş marketə lazım olan ərzaqların sifarişini verir və o mağazaya gedənə kimi onun sifarişləri hazırlanır. Onlayn ödəmə yaxud kassada ödənişlə ərzaqlarını götürüb çıxır. Bununla da sosial məsafəni kifayət qədər azaltmış olarıq”.

Apteklərə gəlincə, deputat bildirib ki, viruslu xəstələrin ən çox müraciət etdiyi yer buradır: “Aptekə gedənlər əsasən, xəstələrdir və dərman üçün buraya daxil olurlar. Onların arasında virusun daşıyıcıları, assimptomatik olanlar var. Hansı ki, bilmədən hər birimiz onunla ünsiyyətdə ola bilərik. Yaxşı olar ki, apteklər pəncərədən işləsinlər. Onsuz da yaydır, hava da istidir, aptekin qarşısında ara məsafəsi gözləməklə növbə saxlamaq olar. Yəni təklif edirəm ki, satış aptekin pəncərəsindən həyata keçirilsin.

Bundan başqa, metro və avtobus nəqliyyatının hər birinə bir nəzarətçi qoyulur, yaxud qeyri-hökumət təşkilatlarından kimsə könüllü şəkildə  xidmət göstərir. Avtobusda maskasız sərnişin olduğu halda, hərəkət etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclis bu gün yeddi məsələni müzakirə edəcək

Sonrakı məqalə

Ronaldonun yeni imici –