“Deyirdim Qarabağ daha getdi, Qələbə çox gözlənilməz, ağlasığzmaz oldu” –

Xalq artisti Rasim Balayev
14 Noyabr 2020 - 11:30
Xalq artisti, məşhur aktyor Rasim Balayev qələbə sevincini bölüşüb.
Xalq artisti Musavat.com-a açıqlamasında 30 il düşmən işğalında olan torpaqların rəşadətli Ordumuz tərəfindən 44 gün ərzində azad olunmasının onun üçün gözlənilməz olduğunu deyib:
“Çox gözlənilməz, ağlasığzmaz oldu. Sürətlə torpaqlarımızı geri aldıq. Bu 30 ildə nələr çəkdik. Amma 44 gün ərzində bütün bunların hamısı həll olundu. Halal olsun Ali Baş Komandanımıza, Ordumuza, əsgərlərimizə! Çox şükürlər olsun ki, mən bu günü gördüm”.
Rasim Balayev Şuşanın alınmasını böyük sevinclə qarşıladığını bildirib:
“Şuşa alınanda çox sevindim. Təkcə Şuşa deyil, digər torpaqlarımız alındıqca böyük sevinc yaşayırdım. Paralel olaraq evlərin dağıldığını görəndə çox pis olur, əsəb gərginliyi keçirirdim. İnsanlar illərlə o torpaqlarda, qurduqları evlərdə yaşabıylar, indi həmin evlərin dağıdıldığını, viran qaldığını görüb ağır hisslər keçirdilər. Yəni, həm sevinirdim, həm əsəbləşirdim. Lakin çox şükür olsun ki, biz qalib gəldik!”
Rasim Balayev qeyd edib ki, düşmənlə birlikdə yaşamalı olduqda ehtiyatı əldən vermək olmaz:
“Hərdən düşünürdüm ki, Qarabağ da Zəngəzura oxşayacaq, daha əldən getdi. Şükürlər olsun ki, ermənilərin dərsini verdik, onları başa salmağa çalışdıq. Lakin deyim ki, onlar anlayan, başa düşən millət deyil. Yenə də işğalçılıq, qəsbkarlıq hisslərini ürəklərində gəzdirirlər. Nə vaxtsa 30-50 ildən sonra yenə də öz təxribatlarını həyata keçirməyə çalışacaqlar. “Böyük Ermənistan” xülyası həmişə onların ağlındadır. Ona görə də həmişə ehtiyatlı olmalıyıq. Xankəndində bir dənə də olsun ermənini vəzifəyə qoymaq olmaz. İndi həmin ərazilərdə qaçıb-getməyə və ya başqa yerdə yaşamağa imkanı olmayan ermənilər yenə də qayıdıb gələcəklər. Onların həlledici vəzifələrə təyin olunmasına imkan vermək olmaz.