“Dini liderlər pandemiya zamanı insanları birləşdirmək üçün çox iş görə bilər” –

BMT-nin Baş katibi
14 May 2020 - 00:33

BMT-nin Baş katibi Antonio Quterreş dini liderləri zorakılığa, ksenofobiyaya və dezinformasiyaya qarşı mübarizə aparmağa və uşaqların təhsillərini davam etdirmələrinə dəstək göstərməyə çağırıb. 

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, o, bunu COVID-19 ilə bağlı təhdidlərə qarşı mübarizədə dini liderlərin roluna həsr olunmuş virtual konfransda bəyan edib.

Antonio Quterreşin sözlərinə görə, insanlar arasında ədavət yaradan ixtilaflar pandemiya və onun misli görünməmiş sosial-iqtisadi nəticələri qarşısında onları birləşdirən çətinliklərlə müqayisədə “sönükləşir”. İnfeksiya sərhəd, sinfi və ya dini fərq tanımır. “Bu gün bütün bəşəriyyəti xəstəlik qarşısında ümumi acizlik birləşdirir”, – deyə o vurğulayıb.

Antonio Quterreş dini liderləri pandemiyaya qarşı birgə mübarizənin “təməlini qoymağa” və insan hüquqlarına hörmət prinsipinə söykənən həmrəylik nümayiş etdirməyə çağırıb.

Baş katib dini liderlərin həlledici rol oynaya biləcəyi dörd sahəni sadalayıb. O, dini liderləri zorakılığa, ksenofobiyaya, dezinformasiyaya qarşı mübarizə aparmağa, uşaqların təhsillərini davam etdirmələrinə dəstək göstərməyə, habelə infeksiyanın yayılmasına qarşı mübarizəyə kömək etməyə çağırıb.

Baş katib onun qlobal atəşkəs rejimi çağırışını dəstəklədiklərinə görə forum iştirakçılarına təşəkkür edib. Bununla belə, onun sözlərinə görə, dünyanın bir çox guşələrində münaqişələr davam edir, millətçilik yüksəlişdədir, əhalinin zəif təbəqələrinə münasibətdə ayrı-seçkilik var, ekstremistlər insanları öz cərgələrinə qatmaq üçün vəziyyətdən istifadə etməyə çalışırlar.

Baş katib deyib: “Mən dini liderləri təhlükəli ideyalara qarşı fəal mübarizə aparmağa, hamını ksenofobiya, irqçilik və dözümsüzlüyün bütün formalarıma qarşı mübarizənin zəruri olduğuna inandırmağa dəvət edirəm”.

Quterreş qızlara və qadınlara qarşı zorakılığın artdığını xatırladaraq qeyd edib ki, bu, hər bir dinin əsasını təşkil edən dəyərlərə ziddir. Dezinformasiyaya və yoxlanılmamış məlumatların yayılmasına gəldikdə isə Baş katibin fikrincə, dini liderlər bu təzahürlərə qarşı mübarizədə güclü vasitəyə malikdirlər. O deyib: “Mən sizi hökumətin təqdim etdiyi informasiyanın və DST-nin tövsiyələrinin təbliği üçün nüfuz və imkanlarınızdan istifadə etməyə çağırıram”.

Quterreşin fikrincə, dini liderlər uşaqların pandemiya şəraitində təhsillərini davam etdirmələrinə də kömək edə bilərlər. Baş katib onları bu məsələdə təhsil ocaqları ilə əməkdaşlıq etməyə çağırıb.