Noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirib.
Bu barədə DİM-dən məlumat verilib.
Dövlət qulluğuna qəbul imtahanı kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanda 324 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 11 nəfər, AC2 altqrupu üzrə 17 nəfər, AC3 altqrupu üzrə 29 nəfər, AC4 altqrupu üzrə 42 nəfər olmaqla, ümumilikdə 101 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 51 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 8 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Dövlət qulluğu vəzifələri üzrə buğun keçirilmiş imtahanların nəticələri ilə bağlı Apellyasiya komissiyası noyabrın 4-6-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.