Döyüşdə həlak olan ingilis əsgərlərinin Bakıda dəfni:1918-ci il –

“Alov Qüllələri”nin ərazisində kimlər basdırılıb? (FOTOXRONİKA)
06 Yanvar 2022 - 18:04
photograph

Britaniya Hərbi Tarix Müzeyinin fondlarında Azərbaycanla bağlı maraqlı sənədlər və fotolar saxlanılır.

Bu sənədlərin bir hissəsi 1918-20-ci illərdə Bakıda olan ingilis ordusunun fəaliyyəti ilə bağlıdır.

Azpost.info-nun “FOTOXRONİKA” layihəsində təqdim etdiyi bu fotolarda Bakıda döyüşlərdə həlak olan ingilis əsgərlərinin dəfni əks edilib.

Qeyd edək ki, 1 avqust 1918-ci ildə  Bakı Kommunasının suqutundan sonra şəhərədə daşnaklar və menşeviklər tərəfindən elan edilmiş oyuncaq Sentrokaspi Diktaturası İranda yerləşən ingilis ordusunu Bakıya dəvət etmişdi. Diktatura cəmi 45 gün hakimiyyətdə qalıb.

Həmin dövrdə İranda yerləşən ingilis qoşunu Bakıya daxil olaraq Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna qarşı döyüşlərə qoşulub.

photograph

General Lionel Denstervil tərəfindən göndərilən polkovnik C.B.Stokesin başçılıq etdiyi ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya gəlib. Daha sonra  polkovnik R.Keyvortun başçılığı ilə daha bir hərbi hissə Bakıya çatıb. İngilis ordusu Bakıda Qafqaz İslam Ordusuna qarşı müdafiə xətti təşkil etməyə çalışıb və bunun üçün şəhərdə olan erməni hərbi dəstələrindən və ruslardan istifadə edib.

15 avqust 1918-ci ildə polkovnik R.Keyvort şəhərdə özbaşınalıq olduğunu, əsgərlərin istədiyi vaxt hərbi hissəni tərk edib şəhərə getdiyini, sanitar vəziyyətin acınacaqlı halda olmasını, aclığın başladığını yazırdı. Denstervil özü artıq 17 avqustda Bakıda idi.

14 sentyabrda Qafqaz İslam Ordusunun yekun hücumlarından sonra, ingilislər Bakıda qalmağın mümkün olmaması haqqında mərkəzə məlumat verir. İngilis ordusu şəhəri tərk etmək qərarına gəlir. 1918-ci il 15 sentyabr tarixində Bakı döyüşü nəticəsində Sentrokaspi Diktaturası dağıldı və Bakı şəhəri Azərbaycan Demokratik Respublikasının nəzarəti altına keçdi.

photograph

Bakı uğrunda həlak olan ingilis əsgərlərini isə hazırda Şəhidlər Xiyabanı ərazisində olan yerdə basdırıblar. Fotolarda əks olunan dəfn mərasimində ingilis bayrağına bürünmüş cənazələrin gətirildiyi və xristian ənənələri ilə dəfni əks olunur. Görünür ki, bura Çəmbərəkənd qəbristanlığının katolik-lüteranların dəfn olunduğu tərəfdir. Hazırda bu yerdə “Alov Qüllələri” yerləşir.

Şəhidlər Xiyabanı ərazisində isə Bakıının ələ keçirilməsi uğrunda həlak olmuş ingilis əsgərlərinin xatirə lövhəsi var.

Azpost.info

photograph