Dünya Zelenskinin qərarını gözləyir –ŞƏRH

ABŞ hökuməti Krımı Rusiya ərazisi olaraq tanıya bilməz. Bunun üçün Konqresin icazəsi lazımdır. ABŞ Konqresi tərəfindən 2017-ci ildə ikipartiyalı konsensusla (Senatda 98 səs lehinə, 2 əleyhinə) qəbul olunan CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə) qanunu Krımın, eləcə də Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestryanı regionların Rusiya ərazisi olaraq tanınmasını qadağan edir. (Stimson doktrinasına uyğun olaraq).
Konqresin bu qanuna dəyişiklik etməsi ehtimalı çox azdır, hətta sıfıra yaxındır. Ona görə də Trampın sülh planının (mediada dərc olunan və təkzib edilməyən) həyata keçməsi üçün ən ideal variant məhz Ukraynanın özünün Krımı Rusiya torpağı kimi rəsmən qəbul etməsi olar(dı). Bu halda ABŞ-ın, Avropanın və bütün dünyanın da analoji addım atmasının önündə hər hansı əngəl qalmayacaq.
Sülh razılaşması əlbəttə ki, Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutmalıdır. İndiki şəraitdə, sülh olmadan ABŞ-ın birtərəfli qaydada Rusiyaya qarşı sanksiyaları ləğv etməsi asan məsələ deyil. Tramp öz səlahiyyətlərindən istifadə edərək yalnız icra hakimiyyəti səviyyəsində – prezident sərəncamları ilə tətbiq olunmuş sanksiyaları ləğv edə bilər. Lakin bəzi sanksiyalar Konqres tərəfindən qanunlaşdırılıb və prezident bunları ləğv edə bilməz. Bundan başqa, qoca Co kreslonu təhvil verməzdən öncə Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarını da CAATSA qanunu çərçivəsində kodifikasiya edib və bu sanksiyaların da ləğvi üçün Konqresin icazəsi tələb olunur.
Digər tərəfdən, ABŞ-ın birtərəfli qaydada sanksiyaları aradan qaldırması ilə məsələ həll olunmur, Avropa İttifaqı və Böyük Britaniya da eyni addımı atmalıdır ki, problem kompleks şəkildə həllini tapsın. Məsələn, Rusiyanın dondurulmuş 300 milyard dollarlıq vəsaitinin böyük hissəsi Avropada (Belçika depozitariyası başda olmaqla) saxlanılır. Təsadüfi deyil ki, Rusiya ABŞ-la dialoqunda Avropa sanksiyalarının ləğvini də şərt kimi irəli sürüb.
Bir sözlə, bu mürəkkəb düyünün çözülməsi üçün Ukraynanın qərarı lazımdır. Məhz bu səbəbdən Tramp administrasiyası Ukraynadan Krımı Rusiyaya güzəştə getməyi tələb edir(di). Lakin Ukrayna Aİ və Britaniyanın da dəstəyi ilə bu tələblə razılaşmadı. İndi Tramp bu müqaviməti görərək iddia edir ki, heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımağı tələb etmir. (Tələb etmirsə, Tramp niyə təkrar Zelenskiyə qəzəblənib, onu anlamaq olmur).
Əslində ABŞ Ukraynaya möhkəm və etibarlı təhlükəsizlik təminatı versə (ya NATO üzvlüyü şəklində, ya da ikitərəfli əsasda) bəlkə də Ukrayna hökuməti və xalqı Rusiyadan biryolluq xilas olaraq avroatlantik məkana qovuşmağın bədəli kimi Krımı verməyə razılaşar. (Finlandiya SSRİ ilə müharibənin yekununda ərazisinin 11%-ni verərək xilas olmuşdu). Lakin Tramp Ukraynaya hər hansı təhlükəsizlik təminatı vermək istəmir, çünki bu, Putinin qırmızı xəttidir. NATO və ABŞ qarantiyası o deməkdir ki, bir daha heç kim Ukraynaya nəinki hücum edə, heç onu təhdid də edə bilməz. (Putin Avropanı ABŞ-sız ciddi güc saymır). Rusiya isə çalışır ki, sülh müqaviləsi imzalandıqdan sonra da öz qılıncını daim Ukraynanın başı üstündə saxlayıb, güclü Ukrayna milli dövlətinin formalaşmasına imkan verməsin.
Sülh planı ABŞ tərəfindən həm də o səbəbdən gündəmə gətirildi ki, Putinin Trampın 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini rədd etməsi gerçəyi pərdələnsin və unutdurulsun. Tramp son günlərə qədər bildirirdi ki, biz Rusiya üçün dedlayn müəyyən etmişik və onlar qısa müddətdə təklifə qəti cavab verməlidir, əks halda, yeni sanksiyalar tətbiq olunacaq. Lakin Trampın xüsusi nümayəndəsi Uitkoffun Putinlə apardığı danışıqların nəticəsində atəşkəs mövzusu arxa plana atılaraq problemin qəti həllini nəzərdə tutan sülh planı ortaya çıxdı. Böyük ehtimalla nyu-yorklu əmlakçılar düşünüblər ki, Ukrayna tərəfi planı qəbul etməsə, Rusiyaya qarşı təzyiq kursu seçmək əziyyətinə qatlaşmadan, Zelenskini ittiham edərək sülh prosesindən çəkilmək üçün əllərində əsas olacaq.
Şahin CƏFƏRLİ
Politoloq
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.