Efir yağlarının təhlükəli bakteriyalara qarşı potensialı aşkar edilib

Polşalı alimlər dərman bitkilərindən əldə olunan efir yağlarının təhlükəli bakteriyaların inkişafını dayandıra biləcəyini müəyyən ediblər. AzPost xəbər verir ki, Frontiers in Pharmacology jurnalında dərc olunan araşdırmaya əsasən, bu yağlar real infeksiya şəraitinə yaxın mühitdə belə bakteriyalara qarşı təsir göstərə bilir.

Tədqiqat Vrotslav Tibb Universitetinin alimləri tərəfindən aparılıb. Araşdırmanın müəlliflərindən biri Malvina Brojina bildirib ki, efir yağları onlarla bioloji aktiv maddədən ibarət mürəkkəb qarışıqlardır. Onun sözlərinə görə, antibiotiklər adətən bir mexanizm üzrə təsir göstərdiyi halda, efir yağları bakteriyalara eyni vaxtda bir neçə istiqamətdən zərbə vurur və bu da mikroorqanizmlərin davamlılıq yaratmasını çətinləşdirir.

Eksperiment çərçivəsində alimlər kəklikotu (timyan) və rozmarin efir yağlarının Staphylococcus aureus bakteriyasına təsirini araşdırıblar. Bu bakteriya tez-tez dəri və yara infeksiyalarına səbəb olur və bəzi hallarda dərmanlara davamlı formalar yaradır. Tədqiqat adi laboratoriya mühitində deyil, infeksiyalı yaranı imitasiya edən xüsusi modeldə aparılıb.

Nəticələr göstərib ki, kəklikotu efir yağı real şəraitə yaxın mühitdə klassik laboratoriya testləri ilə müqayisədə daha güclü təsir göstərib. Rozmarin efir yağının aktivliyi isə əksinə, bu mühitdə azalıb. Alimlər hesab edirlər ki, bu fərq antimikrob təsirin qiymətləndirilməsində infeksiyanın konkret şəraitinin nəzərə alınmasının vacibliyini göstərir.

Araşdırma zamanı həmçinin məlum olub ki, S. aureus bakteriyasının müxtəlif ştammları efir yağlarına fərqli reaksiya verir. Bəzi ştammlar yüksək həssaslıq göstərsə də, digərləri demək olar ki, təsirə məruz qalmayıb. Bu fakt mikroorqanizmlər daxilindəki fərqlərin müalicə strategiyalarında mühüm rol oynadığını təsdiqləyir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, efir yağlarına artan maraq mütləq elmi əsaslara söykənməlidir. Bu məqsədlə onlar “efir yağlarının məsuliyyətli istifadəsi” konsepsiyasını təklif ediblər. Alimlərin fikrincə, vahid standartların olmaması bu maddələrin klinik praktikada tətbiqinin qarşısını alan əsas problemlərdən biridir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.