Əfqanıstanda Taliban hökuməti qadınlara qarşı zorakılığı qanuniləşdirən yeni qanun qəbul edib.
Azpost.info bildirir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.
Dərc edilən yeni cinayət məcəlləsinə əsasən, ərlərə ciddi xəsarət yetirməmək şərti ilə arvadlarına qarşı fiziki güc tətbiq etməyə icazə verilir.
Talibanın ali lideri İibadulla Axundzadə tərəfindən təsdiqlənən bu 90 səhifəlik məcəllə cinayətkarın sosial statusuna əsaslanan fərqli cəza sistemini təqdim edir.
Məcəllənin 9-cu maddəsi Əfqan cəmiyyətini dörd kateqoriyaya bölür: din alimləri (üləma), elitanın üzvləri (əşrəf), orta təbəqə və aşağı təbəqə.
Mütəxəssislərin fikrincə, bu təsnifat, əslində, “azad” və “kölə” arasındakı bölgünü yenidən quran və qadınları kölələrlə eyniləşdirən iyerarxik bir sistem yaradır. Məcəllədə “kölə ağalarına”, xüsusən də ərlərə arvadlarına və ya tabeliyində olanlara fiziki cəza tətbiq etməyə icazə verən müddəalar var.
Lakin cinayət ruhanilər və ya elit təbəqənin üzvü tərəfindən törədilibsə, cəza xəbərdarlıq və ya məhkəməyə çağırışla məhdudlaşır.
Orta təbəqənin nümayəndələri üçün oxşar cinayət həbs cəzası ilə nəticələnə bilər, “aşağı təbəqə” üçün isə həm fiziki cəza, həm də həbs cəzası nəzərdə tutulur.
“De Mahakumu Jazaai Osulnama” adlı cinayət məcəlləsi artıq ölkə məhkəmələrinə göndərilib və bu, Əfqanıstandan kənarda insan hüquqları müdafiəçiləri və fəallarının tənqid və qəzəbinə səbəb olub.