Əfsanəvi Şvartsenegger 79 yaşını idman zalında qeyd edir– Əzələləri gündəm oldu / FOTO

Bodibildinq əfsanəsi, “Terminator” filmlərinin ulduzu və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger 79 yaşında da fiziki forması ilə diqqət çəkməyə davam edir.

Məşhur aktyor ad günü münasibətilə idman zalında çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. Kadrlarda onun iri bisepsləri və yaxşı fiziki hazırlığı izləyicilərin marağına səbəb olub.

Şvartsenegger fotolarda qara futbolka və qısa şortdan ibarət sadə idman geyimində görünür. O, obrazını qızılı qol saatı və gün eynəyi ilə tamamlayıb.

Aktyor paylaşımında ənənəvi ad günü təbriklərindən imtina etdiyini bildirərək diqqəti özünün Pump Club adlı fitnes layihəsinə yönəldib. “Bu gün 79 yaşım tamam olur. Mənə heç bir hədiyyə lazım deyil. Bunun əvəzinə komandamla birlikdə fitnes sənayesini dəyişdiririk”, – deyə Arnold Şvartsenegger yazıb.

Paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.

İzləyicilərdən biri yazıb: “Ad günün mübarək! 50 il əvvəl dünyanın ən yaxşı bədən quruluşuna sahib idin və yarım əsr sonra da yaşına görə ən yaxşı fiziki formada məşq etməyə davam edirsən.”

Başqa bir istifadəçi isə qeyd edib: “Sən bütöv bir nəsli ilhamlandırmısan və bunu bu gün də davam etdirirsən.”

Arnold Şvartsenegger bodibildinq tarixində 7 dəfə “Mister Olimpiya” titulunu qazanıb və bu idman növünün ən məşhur simalarından biri hesab olunur.

Bununla belə, aktyor daha əvvəl verdiyi müsahibələrdən birində yaşlanma prosesini qəbul etməyin onun üçün də asan olmadığını etiraf edib. 2023-cü ildə amerikalı aparıcı Hovard Sternə müsahibəsində Şvartsenegger demişdi: “Hər gün güzgüyə baxıb gülümsəyirəm və düşünürəm: ‘Bəli, vəziyyət yaxşı deyil’. İllərlə səni ideal bədənə sahib insan kimi tərifləyirlər, sonra isə 50 il keçir və artıq bunu görmürsən. 30-40 yaşımda bunun bir gün baş verəcəyini heç düşünmürdüm.”

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.