Elinanın ölümü ilə bağlı həkimlər dindirildi –

Sümüyü sınan uşaq üçün “əməliyyata ehtiyac yox idi” dedilər
25 Sentyabr 2019 - 14:25

Bu gün 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə mərhum E.Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək məktəbin sabiq direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəzlənməsini istəyib. Hakim vəsatəti təmin etməyib.

E.Hacıyevanın digər nümayəndəsi Sevinc Əliyeva vəsatət verərək prosesin audio səs yazısının yazılmasını xahiş edib. Bu vəsatət də təmin edilməyib.

Daha sonra şahid qismində E.Hacıyevanın məktəb yoldaşları dindirilib. Onlardan Oqtay Hacıyev qeyd edib ki, Elina özünü 3 mərtəbədən atıb: “İkinci mərtəbə idim. Birdən yuxarıdan nəsə düşdüyünü gördüm. Birinci elə bildim ki, kiminsə gödəkcəsi düşdü. Sonradan baxdım ki, qızdır”.

Daha sonra məktəb direktorunun katibəsi Nigar Məmmədova dindirilib. Şahid bildirib ki, E.Hacıyeva özünü 3 mərtəbədən atması barədə ona kimya müəllimi məlumat verib: “Müəllimə deyən kimi qaçaraq çölə çıxdım. Gördüm ki, uşaqlar onu gətirirlər. Tibb bacısının otağına qalxdıq, bağlı olduğu üçün direktorun otağına gətirdik. Həmin vaxt otaqda direktor və müavinləri var idi. Elina suallara “yuxuluyam”, “heç nəyi başa düşmürəm”, “dərman içmişəm” kimi cavablar verirdi. Məktəbə daha sonra polis gəldi, bir müddət sonra isə Xalidə xanım özünü çatdırdı”.

Məhkəmədə Klinik Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov ifadə verib. Həkim bildirib ki, həmin günü növbədə olub: “Qəbuldan zəng edib bildirdilər ki, bir qız uşağı gətiriblər, vəziyyəti yaxşı deyil. Qəbula gəldik, müayinələr apardıq. Rentgen, ultrasəs müayinələrindən keçirdik. Cərrahiyə əməliyyatına ehtiyac yox idi. İlkin diaqnozu mən, Vaqif doktor və şöbə müdiri İlqar doktor məsləhətləşərək çıxardıq. Müayinə olunması üçün reanimasiya şöbəsinə göndərdik”.

Vəkillərin suallarına cavablandıran Ə. Çovdarov qeyd edib ki, ilk olaraq E.Hacıyevaya sistem köçürülüb: “USM müayinəsində keçirdik. Həmin vaxt ağ ciyərində ödəm var idi”.

Həkim həmçinin bildirib ki, E.Hacıyevanı reanimasiyada Xalidə Bayramova görüb: “Polislər gəlmişdi, Elinanı dindirmək istəyirdilər. Yetkinlik yaşına çatmadığı üçün valideynini çağırdılar. Atası orada idi. Yuxarı qalxanda içkili olduğu üçün ifadə verməsinə icazə verilmədi”.

Vəkillər məhkəmədə bildiriblər ki, tibbi ekspertizanın rəyinə görə, E.Hacıyeva kəskin tənəffüs çatışmazlığı, döş qəfəsinin qapalı travması, ağ ciyərinin zədələnməsi, döş fəqərələrin müştərək ağır travması, çanaq sümüyün sınığından dünyasını dəyişib.

Proses saat 14-ə qədər fasilə elan edib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib. (APA)