Erməni diasporunun Moskvada Azərbaycana qarşı təxribatının qarşısı alınıb

24 Yanvar 2020 - 08:30

Rusiyadakı erməni diasporunun Azərbaycana qarşı növbəti təxribatının qarşısı alınıb.

Ermənilərin “Sehirli Aran ölkəsi” adlı “sənədli film”inin yanvarın 26-da “Pobeda” kinoteatrında planlaşdırılan nümayişi təxirə salınıb.

“Rusarminfo” saytının yazdığı xəbərə görə, filmin nümayişi texniki səbəblərdən təxirə salınıb. Ermənistanın Rusiyadakı səfirliyinin “Facebook” səhifəsində filmin nə vaxt nümayiş olunacağı tarix barədə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, Rusiyadakl erməni diasporu yanvarın 26-da paytaxtdakı “Pobeda” kinoteatrında əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun “tarixi Ermənistan” torpağı olduğunu iddia edən “Sehirli Aran ölkəsi” (“Mistiçeskaya strana Aran”) adlı filmin nümayişini keçirməyə hazırlaşır.

Bununla əlaqədar Azərbaycan İcması filmin təxribat xarakterli olması və Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etməsi ilə bağlı Moskva hökumətinə müraciət edib.

Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinə ünvanlanan müraciətdə filmin nümayişindən imtina edilməsinə çağırış edilib. Əks təqdirdə Rusiya Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət olunacağı bildirilib. (APA)