“Ermənistan cəmiyyəti öz liderlərindən başqa heç kimi günahlandırmamalıdır” –

PREZİDENT
21 May 2021 - 12:19

“Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı, bizim nə istədiyimizlə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etmək istəyirdik, tarixə və beynəlxalq hüquqa əsasən bizə məxsus olmuş ərazilərimizi geri qaytarmaq istəyirdik. Biz bir milyon azərbaycanlının öz evlərinə geri qayıtmasını istəyirdik və bizim tələbimiz legitim idi”.

Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib.

“Beynəlxalq hüququ pozan və bizim ərazilərimizi işğal edən ölkə Ermənistan idi. Lakin Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Ona görə də indi baş verənlər mən deyərdim ki, Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar ”, – deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan tərəfindən regionda yeni reallıq yaradıldığnı vurğulayan Prezident İlham Əliyev deyib ki, Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi. Onlar, ilk növbədə, Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar. İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər.

Bu barədə fikirlərini bölüşən Azərbaycan Prezidenti deyib: “Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində bu revanşist hisslər geniş yayılıb. Hazırda onlar parlament seçkiləri ərəfəsindədirlər. Biz gərginliyin yüksəldiyini görürük və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amil azərbaycanofobiyadır. Onlar tamamilə əks təsir göstərən, Ermənistanın həqiqətən də müstəqil olmasına imkan verməyən bu siyasəti davam etdirirlər”.