Ermənistan türk zabitinin atəşkəslə bağlı yoxlamada iştirakına imkan verməyib –

ATƏT-in monitorinqi baş tutmayıb
08 Noyabr 2019 - 11:41

“Ermənistanın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin apardığı monitorinqlə bağlı prosedurları pozması, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun Türkiyədən olan zabitinin vəzifəsinin icrasına mane olması və monitorinq təlimlərində iştirakının qarşısının alınmasına cəhd etməsi bu ölkənin acınacaqlı təcrübəsinin son nümunəsidir”.

Azpost.info APA-ya istinadən bildirir ki, bu sözlər Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının noyabrın 7-də keçirilmiş iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı səsləndirdiyi bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunub ki, nəticədə bu il oktyabrın 9-da Yüksək Səviyyəli Planlaşdırma Qrupunun iştirakı ilə keçirilən monitorinq baş tutmayıb.

“Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbərinin bunu qeyd etməməsi isə təəssüf doğurur”, – deyə bəyanatda vurğulanıb.