Ermənistan Xüsusi İstintaq Xidməti Konstitusiya Məhkəməsinin sədrinin evində axtarış aparır

24 Yanvar 2020 - 11:16

Ermənistan Xüsusi İstintaq Xidməti Konstitusiya Məhkəməsinin sədri Qrair Tovmasyanın evində axtarış aparır.

Bu barədə Q. Tovmasyanın vəkili Amram Makinyan “Facebook” səhifəsində yazıb. Makinyan qeyd edib ki, axtarış başa çatandan sonra vəkillər komandası bəyanatla çıxış edəcək.

Qeyd edək ki, Nikol Paşinyan Baş Nazir seçildikdən sonra hakim komanda Q. Tovmasyanın keçmiş hakimiyyətin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Tovmasyan hazırda həbsdə olan keçmiş prezident Robert Köçəryanla bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə və Venesiya Komissiyasına müraciət etmək barədə qərar qəbul edəndən sonra onun ünvanına tənqidlər daha da kəskinləşib. Tovmasyan xidməti vəzifəsindən sui-istifadədə günahlandırılır.

2019-cu ilin dekabrında Ermənistan Xüsusi İstintaq Xidməti onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçib.