Ermənistanda növbəti siyasi qalmaqal-

Parlament Konstitusiya Məhkəməsi sədrini istefaya göndərdi
04 Oktyabr 2019 - 13:19

Ermənistanda növbəti siyasi qalmaqal baş verib. 

Parlamentdə baş nazir Nikol Paıinyanın tərəfdarlarından ibarət “Mənim addımım” blokunun təşəbbüsü ilə iqtidarın mübahisəli və qanunsuz qərarlarına etiraz edən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın istefası gündəliyə çıxarılıb. Ermənistan parlamentinin 98 deputatının lehinə səs verdiyi bu təşəbbüs təsdiq edilib və müvafiq qərar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Onun səlahiyyətlərinə xitam verilməsi üçün məhkəmənin 9 üzvündən 6-nın parlamentin qərarını təsdiq etməsi tələb olunur.

Ölkənin Ədliyyə naziri Rustam Badasyan bildirib ki, Konstitusiya Məhkəməsinin sədri bir sıra ciddi səhvlərə yol verib. Qrayr Tovmasyan isə, jurnalistlər müsahibəsində bildirib ki, Konstitusiya Məhkəməsinin ətrafında cərəyan edən proseslər siyasi xarakter daşıyır. Onun sözlərinə görə, bu təqiblərin məqsədi Konstitusiya Məhkəməsini neytrallaşdırmaq yolu ilə qəbul ediləcək qanunsuz siyasi qərarların önünü açmaqdır.

İclasda çıxış edən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan da Konstitusiya Məhkəməsinin sədrinin öncəki hakimiyyətin əsas müdafiəçilərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, sabiq prezidentlərin komandaları ölkəni talan ediblər və Qrayr Tovmasyan kimi hüquqşünaslar vasitəsilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.