“Ermənistanın bu hərbi təxribatının arxasında Kreml durur” –

Sülhəddin Əkbərdən maraqlı TƏHLİL
30 Sentyabr 2020 - 14:45

“Ermənistanın bu hərbi təxribatlara cəlb olunmasının arxasında Kreml durur. Təbii ki, burada digər ölkələr də var. Amma burada başlıca oyunçu Rusiyadır. Onda sual verə bilərsiniz ki, rəsmi Moskvanın burada niyyəti nədir? Çox konkret olaraq, burada Rusiyanın niyyətini görürəm. Birincisi, burada əsas niyyətlərdən biri Ermənistanda Paşinyan hökumətinin-hansı ki, Kremlin istəklərinə, maraqlarına cavab vermir-pis vəziyyətə salınması və erməni baş nazirin  devrilməsi üçün hərəkətə keçilməsi, Paşinyan hökuməti devrildikdən, yaxud sındırıldıqdan sonra ”Kazan prinsipləri”nə hər iki tərəfin razı salınmasıdır.

Azpost.info bildirir ki, bu sözləri Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, şimal qonşumuz Ermənistanı Azərbaycanla müharibəyə təhrik etməklə iki başlıca istəyinə nail olur. Həm Paşinyan hökumətini devirir, yaxud sındırır, “Kazan prinsipləri”, yəni Rusiyanın variantı ilə həllə razı salır. Eyni zamanda rəsmi Bakını da buna razı salır: “Lavrovun beş rayonun qaytarılması məsələsi ilə bağlı açıqlamasını xatırlayaq. Azərbaycanın beş rayonunu qaytarmaqla Qarabağa sülməramlı qüvvələr adı altında öz qüvvələrini yeridir və Qarabağı, üstəlik, iki rayonu da tam leqal şəkildə öz nəzarəti altına keçirir. Yəni ölkəmizin əli ilə həm Ermənistanda öz istəyinə nail olur, həm də Azərbaycanda öz istəyini həyata keçirir. Həmişə deyirdim ki, Kremlin min bir oyunu bunun başındadır, yəni Azərbaycana sülhməramlı qüvvələr adı ilə öz hərbi bazasını yerləşdirmək. Bununla Rusiya bir gedişlə həm Ermənistanda, həm də Azərbaycanda öz istəyinə nail olmaq istəyir”.

S.Əkbərin fikrincə, neçə ki, bu istək istiqamətində proseslər gedir, Rusiyanın kobud şəkildə müdaxilə edəcəyini düşünmür: “Amma Azərbaycan Moskvanın baxışı ilə həddindən artıq irəli getsə və Kreml görsə ki, hadisələr Rusiyanın nəzarətindən çıxa bilər-burada Türkiyə faktorunu də nəzərə almaq lazımdır-o zaman dolayısı yolla, hətta lazım gəlsə birbaşa müdaxilə edə bilər”.

Eksperin sözlərinə görə, bu baxımdan Türkiyə faktoru burada çox önəmlidir: “Yorulmadan bir daha bu fikri təkrar edirəm ki, Azərbaycan fürsətdən istifadə edib, qardaş dövlətlə hərbi müttəfiqlik sazişi imzalamalıdır. Bu sazişin imzalanması çox güclü, çəkindirici amil olacaq. Bununla Moskvaya da ciddi mesaj veriləcək. Hətta burada Rusiya ilə Türkiyə arasında hər hansı bir danışığın, yaxud çərçivə razılaşmasının olmasını da inkar etmirəm. Çünki bilirsiniz ki, Moskva-Ankara arasında mürəkkəb münaqişələrin birgə idarə olunması modelləri var. Bunu biz Suriyada da, Liviyada da görürük. Prinsipcə İdlib modelinə bənzər bir model ətrafında Rusiya və Türkiyə anlaşa bilər. Hadisələri diqqətlə izləyirik. Azərbaycan xalqı da prosesləri diqqətlə izləməlidir. Biz imkan verməməliyik ki, ölkəmizin maraqlarına zidd bir anlaşma olsun”.