Ermənistanın hücumları nəticəsində ziyan dəymiş 1000-dən çox yaşayış və qeyri-yaşayış obyektinin təmir-bərpası başa çatıb

12 Mart 2021 - 17:34

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində aidiyyəti qurumların nümayəndələri tərəfindən ziyan dəymiş obyektlərə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb: “Həmin yaşayış evləri və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.  Bu istiqamətdə işlərə yanvar ayının sonundan etibarən başlanılıb. Hazırda 11 şəhər və rayon üzrə işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. Hazırkı mərhələdə 1000-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb”.