“Ermənistanın iyul təxribatının hədəflərindən biri də TANAP boru xəttini nəzarətə almaq idi” –

PREZİDENT İLHAM ƏLİYEV
05 Oktyabr 2020 - 19:18

İyul ayında Ermənistanın Tovuza hücumunun bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar – Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi.

Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.

Hücumun digər səbəblərindən də danışan dövlətimizin başçısı deyib: “Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifət liderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasının sədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İki keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst toplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə məhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilində artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikri yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək, strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək”.