“Ermənistanın seçim variantı yoxdur” –

ZƏRDÜŞT ƏLİZADƏ
09 Noyabr 2020 - 19:54

Noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini açıqladı. O, həmin çıxışında bir daha vurğuladı ki, işğal altındakı bütün torpaqlar boşaldılmalıdır.

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Ermənistan tərəfinin seçim variantı yoxdur:

“Belə şəraitdə Ermənistan üçün artıq bir yol qalır. Dağlıq Qarabağda erməni əhalisinin qalması üçün elə indi onlar özləri Minsk qrupunun prinsiplərini qəbul etdiklərini, barışığa hazır olduqlarını bəyan etməlidir. Bundan sonra atəşkəs bərqərar olacaq. Sonra Ermənistan ordusunun Dağlıq Qarabağdan tam çıxması üçün zaman cədvəli hazırlanacaq”.

Z.Əlizadə daha sonra regiona neytral ölkələrdən silahsız müşahidəçilər gəlməsini istisna etmir: “Bu zaman azərbaycanlıların Qarabağa qayıtması prosesi başlayacaq və bir müddət sonra Azərbaycan hökuməti lazım bildiyi halda orada erməni icması formalaşacaq. Təbii ki, əlində silah Azərbaycana qarşı müharibə aparmış insanlar oradan birinci çıxıb gedəcəklər, çünki hərbi qiyam ittihamı ilə cinayət məsuliyyətinin altına düşə bilərlər…”.

Z.Əlizadə deyib ki, daha sonra orada mədəni muxtariyyət məsələsinə baxıla bilər. Amma politoloq əlavə edib ki, səsləndirdiyi variantla yanaşı, Ermənistan başqa yol ilə də gedə bilər:

“Ermənistan, həmişəki kimi, həqiqəti qəbul etməyə bilər. Məsələn, dünən Şuşa alınanda Ermənistanın müdafiə naziri bunu inkar etdi…”.

Z.Əlizadənin deməsinə görə, sonra məğlub tərəf kimi onlarla heç kəs danışmayacaq.

Politoloq üçüncü variant kimi Ermənistan daxilində proseslərin dəyişməsini də qeyd edib: “Ermənistanda hansısa bir güclü hərəkət başlamalıdır və onun iştirakçıları bəyan etməlidir ki, xalq yanlış xülyalardan, yəni Böyük Ermənistan xülyasından vaz keçməlidir. Ondan sonra Ermənistan elan etməlidir ki, bütün qonşuları ilə, ilk növbədə Türkiyə və Azərbaycanla beynəlxalq hüquq normalar əsasında dinc bərabər hüquqlu əlaqələr qurmağa hazırdır. Bundan sonra sərhədlər açılacaq və tədricən, illər keçdikcə – necə ki İkinci Dünya müharibəsindən sonra Avropada biz bunu gördük, – proseslər normallaşacaq”.