Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş vətəndaşlara maddi yardım göstərilməsinə başlanılıb

05 Yanvar 2021 - 14:04

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli Sərəncamının icrasına başlanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 dekabr 2020-ci il tarixli sərəncamına əsasən,  2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilməlidir:

– dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində;

– digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində.

“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabineti “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” 17 dekabr 2020-ci il tarixli sərəncam verib.

Sərəncama əsasən,  Maliyyə Nazirliyinə tapşırılıb  ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli sərəncamı ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin. Eyni zamanda həmin vəsaitin 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manatının Gəncə Şəhər İcra Hakimiyyətinin, 67 000 (altmış yeddi min) manatının Mingəçevir Şəhər İcra Hakimiyyətinin, 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatının Ağdam Rayon İcra Hakimiyyətinin, 586 000 (beş yüz səksən altı min) manatının Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233 000 (iki yüz otuz üç min) manatının Bərdə Rayon İcra Hakimiyyətinin, 124 000 (bir yüz iyirmi dörd min) manatının Beyləqan Rayon İcra Hakimiyyətinin, 41 000 (qırx bir min) manatının Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4 000 (dörd min) manatının Naftalan Rayon İcra Hakimiyyətinin, 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatının Tərtər Rayon İcra Hakimiyyətinin, 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manatının Füzuli Rayon İcra Hakimiyyətinin və 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manatının Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməsini təmin etsin.

Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Nazirlər Kabinetinə hesabat təqdim etməli idilər.