Xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.
Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
**
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Azpost.info bildirir ki, bu barədə Ermənistan XİN-dən açıqlama verilib.
Söhbət zamanı nazirlər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər narahatlıqlarını ifadə ediblər və gərginliyi daha da artıra biləcək hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıblar, sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər Ermənistan və Azərbaycan arasında davamlı sülhün vacibliyini yüksək qiymətləndiriblər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.