Ermənistanın “Joxovurd” gündəlik qəzeti Ermənistan sərhədini keçən azərbaycanlı hərbçi Nəsimi Musayevin saxlanılmasını əks etdirən video görüntüləri yayıb.
Azpost.info bildirir ki, kadrlarda onun Şaki sakinlərindən birinin tövləsindən çıxarılması da görünür. Hərçimizin çətinliklə yeriməsi və qanlı sarğılar içində olduğu diqqəti çəkir.
Nəşrin məlumatına görə, Musayev hüquq-mühafizə orqanlarının əməkdaşlarına izahat verərkən erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını deyib. Onun sözlərinə görə, o, bir neçə dəfə “Məni buraxın” deyə xahiş edib.
Bundan əlavə, azərbaycanlı hərbçi yazılı izahatında hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını vurğulayıb.
Onun sözlərinə görə, qan içində olmasına baxmayaraq, evdən qaçmağa nail olub, daha sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları onu yaralı vəziyyətdə aşkar ediblər.
Azərbaycanlı hərbçi hazırda Ermənistanda saxlanılır. Ona qarşı cinayət işi açılıb.

