FHN yanında İctimai Şuraya seçkilərin keçirilməsi barədə elan verilib

06 Aprel 2021 - 15:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanında İctimai Şuraya seçkilərin keçirilməsi tarixi və seçkilərdə iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin qeydiyyatı barədə elan verilib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında” Qanuna və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai Şuraya seçkilər 2021-ci il aprelin 27-də saat 11:00-da FHN-in inzibati binasının (Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 66) akt zalında keçiriləcək.

Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları aprelin 17-dək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti) elektron formada [email protected]  və [email protected]  e-mail ünvanlarına göndərməlidirlər.