Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən daxil olan müraciətdə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir.
Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
“Bayram şənliyində bunlar nəzərə alınmalıdır: şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli, şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı, məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı, otağın qapıları mütləq bayıra açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıq tam söndürülməməli, şənliyə tezalışan materialdan paltar geyinilməməlidir. Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə qeyd olunub.