Fransada sifarişli qətllərdə ittiham olunan masonların məhkəməsi başlayıb. Təqsirləndirilən şəxslərin bəziləri qədim kimyagərlərin gizli mason lojası “Athanor”a mənsubdurlar. Loja Parisin Puteaux şəhərətrafı ərazisində fəaliyyət göstərir.
Azpost.info AFP-ə istinadən bildirir ki, lojanın ümumilikdə 20 üzvü olub. Lojanın üç üzvü qətl və hücumlar həyata keçirən cinayətkar şəbəkə yaradıb.
Müttəhimlər kürsüsündə 22 təqsirləndirilən şəxs var, onların hamısı mason deyil. Onların arasında Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) dörd əməkdaşı, iki polis məmuru, keçmiş daxili kəşfiyyat zabiti, bir cangüdən və iki top menecer var. Onlar yarış avtomobili sürücüsünün qətlini, bir neçə qətl cəhdini və hücumları təşkil edən mafiya təşkilatı yaratmaqda və orada iştirak etməkdə ittiham olunurlar. On üç şübhəli şəxs ömürlük həbs cəzası ilə üzləşə bilər.
İş 2020-ci ilin iyul ayında uğursuz sifarişli qətllə başlayıb. Daha sonra iki silahlı hərbçi 60 yaşlı biznes məşqçi Mari-Helen Dininin evinin yaxınlığında həbs edilib. Dindirmə zamanı onlar iddia ediblər ki, Dini guya İsrail kəşfiyyat agentliyi Mossadda işlədiyi üçün Fransa hökuməti adından öldürülməlidir. Məlum olub ki, Athanor lojasının üzvlərindən biri, eyni zamanda biznes məşqçisi, rəqibinin qətlini 70.000 avroya sifariş edib.
Məhkəmədən əvvəl cinayətkarlar mason təşkilatçılarının onları aldatdığını və hökumət adından hərəkət etdiklərini iddia ediblər. AFP cinayətləri “kiçik qisas aktlarından qətlə qədər böyüyən” bir “mason mafiyası”nın ifşa olunması barədə məlumat verir. Məhkəmənin təxminən üç ay davam etməsi gözlənilir.