Fuad Muradov mətbuat konfransı keçirdi –Diasporanın fəaliyyətindən danışdı

“Türkiyədə müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanıb”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə 10 ölkədə – Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan evləri yaradılıb və gələcəkdə daha 8 ölkədə də yaradılması nəzərdə tutulub.

Fuad Muradov həmçinin bildirib ki, “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, artıq hazırdır. Onun sözlərinə görə, qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq: “Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Onu da qeyd edim ki, qanun layihəsi hazırlanan zaman beynəlxalq və bir neçə ölkənin təcrübəsi öyrənilib”.

Fuad Muradov bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.  Sədr deyib ki, diaspor təşkilatlarının fəaliyyəti hansısa şəxslərə bağlı olmur, bu, bir icma işidir, könüllülük, vətənə sevgi məsələsidir: “Bəzən olur ki, kimlərsə, nə vaxtsa hansısa bir məsələyə görə bir-birindən küsür. Mən Ukraynanı misal gətirirəm.  Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Bir az vaxt sərf etdik və bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərir. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin. Bizim ümumi düşmənimiz bəllidir, Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporu haqqında mənfi fikirlər səsləndirsin. Hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Biz onlara da bildiririk ki, birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha böyük dəstək göstərək. Mən buradan hamıya çağırış edirəm ki, müsbət istiqamətdə fəaliyyət göstərək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Doktoranturaya qəbul üçün ingilis dilindən imtahan ödənişli olacaq

Sonrakı məqalə

“Müqəddəs yerlərə ziyarətin QMİ-nin nəzarəti altında təşkili üçün tədbirlər görülür” –