Ali Məhkəmədə Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov, AXCP üzvləri – Ruslan Nəsirli, Bəhruz Həsənov, Vidadi Rüstəmli və Aqil Məhərrəmovun kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Qərara əsasən, Saleh Rüstəmovun ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi 234.1-ci maddəyə tövsif olunub və onun cəzasından 2 ay azaldılıb. Saleh Rüstəmovun cəzası qəti olaraq 7 il 1 ay saxlanılıb. Onun şikayətinin qalan hissəsi təmin edilməyib.
Digər təqsirləndirilənlərin də kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, Ruslan Nəsirli və Vidadi Rüstəmli 6 il 8 ay şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb. Saleh Rüstəmova 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli 4 il, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. (APA)