“Gəlib Azərbaycanda nə edəcəyəm?” –Rəsul Quliyev iqtidarla danışıqlara aydınlıq gətirdi

“Mən vətənə qayıtmağımla bağlı Azərbaycan hakimiyyəti ilə heç bir danışıqlar aparmıram”.

Azpost.info bildirir ki, bu sözləri Musavat TV-yə müsahibəsində Milli Məclisin sabiq sədri, ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev deyib.

Eks-spikerin sözlərinə görə, Azərbaycana qayıtmaqda heç bir problem görmür: “Mən zəng edib kiməsə desəm ki, qayıtmaq istəyirəm, deyəcəklər ki, sizə nə mane olur ki?  Yüz faiz əminəm ki, belə cavab verəcəklər.  76 yaşın içindəyəm. Mən özüm üçün düşünürəm ki, gəlib Azərbaycanda nə edəcəyəm? Nə işlə məşğul olacağam?”

Aparıcının “bəs ABŞ-da nə işlə məşğusunuz?” sualına cavabında R.Quliyev yazılar yazdığını, Azərbaycanda lideri olduğu Açıq Cəmiyyət Partiyasının maraqlarını müdafiə etdiyini və digər işlər gördüyünü vurğulayıb.

R.Quliyev bildirib ki, hazırkı informasiya texnologiyaları zamanında məkanın əhəmiyyəti azalıb. Özünü praktik və real adam olduğunu deyən sabiq spiker indiki zamanda vətən həsrəti ilə bağlı romantik düşüncələri emosinal təbiətli adamlara xas olduğunu vurğulayıb.

“Ölkənin siyasi həyatına töhfə vermək üçün mütləq Azərbaycanın içində yaşamaq lazım deyil”-deyə R.Quliyev bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağda yaşayan ermənilərin reinteqrasiyası zamanın reallığıdır”

Sonrakı məqalə

Putin Rusiyadakı xarici şirkətlərə “sürpriz” hazırlayır