Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) “Gənclərin vətənpərvərlik ruhu” istiqamətində tədbirləri davam etdirir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhu” adlı layihə çərçivəsində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu qaldırmaqdır” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlib. Tədbir açıq elan edildikdən sonra Kollecin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov tədbir haqqında ümumi məlumat verməzdən əvvəl, Kollecin direktoru dos. Ata Babayevin salamlarını tədbir iştirakçılarına çatdırdı.
Sonra qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz. “Bu baxımdan, yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi üzrə təbliğat xarakterli maarifləndirmə işləri davam etdirilməlidir”.
Layihənin rəhbəri, ictimai xadim Müqamət Əliyev qeyd etdi ki, gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var. M. Əliyev xüsusi olaraq qeyd etdi ki, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində çox saylı könüllü tələbə gənclər düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. “Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanların ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”, – deyə o, üzünü gənclərə tutaraq bildirib.
Tədbirin sonunda Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslaydlar nümayiş olunub. “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda inşa yazısı müsabiqəsinin birinci yerin qalibi Yunisova Röyalə, ikinci yerin qalibi Novruzlu Zəhraxanım, üçüncü yerin qalibi isə Səfərova Aygülüm olub. Onlara sertifikat və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tələbələri, Kollecin müvafiq struktur rəhbərləri, GVİB-nin İdarə Heyəti, Qarabağ qaziləri və QHT-nin nümayəndələri iştirak ediblər.