Gürcüstana gələn Vladimir Pozner etirazla qarşılandı, oteldə işıq söndürüldü-"Gürcüstanı tərk et!" aksiyası keçirilir

Bu gün Rusiyadan 50-dək şou-biznes və media nümayəndəsi çarter reysi ilə Gürcüstana gəlib. 

Gürcüstana səfər edən ictimai xadimlər arasında rusiyalı jurnalist Vladimir Pozner də var.  Məlumata görə o, Gürcüstana doğum gününü qeyd etmək məqsədi ilə səfər edib.

V.Poznerin Gürcüstana səfəri vətəndaş cəmiyyəti fəallarının, eləcə də bəzi müxalifət liderlərinin etirazına səbəb olub. Onun qaldığı hotelin ətrafına toplanan fəallar fit çalaraq ölkəni tərk etməsini tələb ediblər. Polis ərazinin mühafizəsini gücləndirib. Hazırda etiraz aksiyası davam edir.

Etirazçılar V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını, bu səbəbdən onun ölkəyə buraxılmasının qəbuledilməz olduğunu bildirirlər.

Qeyd edək ki, V.Pozner daha əvvəlki çıxışlarından birində Gürcüstanın 2008-ci ildə Abxaziyaya hərbi təcavüz etdiyini və nəticədə onu birdəfəlik itirdiyini qeyd edib.

“Rus jurnalist Vladimir Pozner ABŞ vətəndaşıdır və onun ölkəyə səfəri ilə bağlı hər hansı qanun pozuntusu yoxdur”. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı bəyanatında belə deyilib.

Bildirilib ki, V.Pozner işğalla bağlı hər hansı qanunu pozmayıb və daha əvvəl də dəfələrlə Gürcüstanda səfərdə olub.

“Qeyd edilən ABŞ vətəndaşı olan şəxs işğal haqqında qanunu pozmayıb və Gürcüstana dəfələrlə səfər edib. Onların ölkəyə daxil olmasına gəlincə isə hökumətin sərəncamına müvafiq olaraq bəzilərinin “COVİD-19” pasportu, bəzilərinin isə “PCR” testi barədə sertifikatı var”, deyə Gürcüstan DİN-in bəyanatında vurğulanıb.

Tbilisidə ictimai fəallar rusiyalı jurnalist Vladimir Poznerin və dostlarının qaldığı mehmanxananın elektrik enerjisini kəsib. (APA)

Etirazçılar bunu rusiyalı ziyarətçilərin tezliklə Gürcüstanı tərk etmələri üçün etdiklərini deyiblər. Aksiyanın keçirildiyi əraziyə müxalifət partiyalarının liderləri də gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ZABİTİN XATİRƏLƏRİ –

Sonrakı məqalə

Ermənilər Rumıniya ilə oyunda təxribata əl atdılar –