Gürcüstanın müxalifətə dəstək verən telekanal kimi tanınan “Mtavari Arxi” telekanalı canlı yayım fəaliyyətini dayandırıb.
AzPost 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə telekanalın yaydığı bəyanatda qeyd olunub. Kanalın yaydığı bəyanatda bildirilib ki, həmtəsisçi Zaza Okuaşvilinin süni şəkildə yaratdığı maliyyə böhranı ilə əlaqədar indiki mərhələdə bütün canlı yayımlar və gündəlik əlavə xərclər dayandırılıb. Kanalın bəyanatına görə, onlar tam yayımı bərpa etmək üçün alternativ vəsait tapmağa çalışırlar.
Bildirilir ki, hazırda Mtavari Arxinin efirində yalnız əvvəlcədən lentə alınmış verilişlər, proqramların təkrarı, seriallar və filmlər yayımlanır.
Xatırladaq ki, dünən Tbilisi şəhər məhkəməsinin qərarı ilə müxalif “Qirçi” partiyasının sədri Zurab Caparidze 3 il müddətinə silah daşıma hüququndan məhrum edilib.
Siyasətçi həmçinin 2,5 min lari məbləğində cərimə olunub.
Z.Caparidze dekabrın 2-də Tbilisinin mərkəzində aksiya zamanı saxlanılmışdı və daha sonra sərbəst buraxılmışdı. O, polisin tələbinə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunurdu.