“Hədəflərimizə çatmağımız üçün kifayət qədər dronumuz var” –

Prezident Fransa telekanalına danışdı
15 Oktyabr 2020 - 12:13

“Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq”.

Bu fikirləri Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil.

“Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz” sualına Prezident İlham Əliyev cavab olaraq bildirib ki, hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır: “Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır”.