Həbsdə ölən sabiq deputatın xanımı qaynının həbsini tələb edib

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Rafael Cəbrayılovun həyat yoldaşı, mərhumun hüquqi varisi elan olunmuş Aida Cəbrayılova ifadəsini davam etdirib. Hüquqi varis bildirib ki, həyat yoldaşı dələduz və yalançı biri olsaydı, üç dəfə Milli Məclisə deputat seçilə bilməzdi. O, Rafael Cəbrayılovun dələduzluq etmədiyini deyib: “2015-2016-cı illərdə ölkədə devalivasiya oldu, buna görə də Rafael Cəbrayılov faizə pul götürməyə məcbur oldu. Bu işdə onun qardaşı Elşən də günahkardır, o niyə azadlıqda qalıb? Rafael məhkəmə zamanı bildirmişdi ki, onun maliyyə problemləri yaşamasında qardaşı günahlardır. Buna baxmayaraq Elşənin cinayətləri ört-basdır edilib. Elşən Cəbrayılov müəssisənin təsisçisi və direktoru olduğu dövrdə öz qardaşının gizli pul və əmlaklarını mənimsəyib. Özü isə hazırda Türkiyədə, Macarıstanda tikinti biznesi ilə məşğuldur”.

Prosesdə hüquqi varis Rafael Cəbrayılovun cinayət işinin istintaqa qaytarılmasını və qardaşının da istintaqa cəlb olunmasını barədə vəsatət verib.

Vəsatətə münasibət bildirən zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov bildirib ki, qaldırılan vəsatətin təmin edilməməsi və cinayət işinə xitam verilməsi Rafael Cəbrayılovun qardaşı üçün bayram olar: “Cinayətin mənimsəmə hissəsində Rafael Cəbrayılov ilə birgə onun qardaşı və bir nəfər sabiq prokurorluq işçisi də günahkardır. Hər üçü birləşib ediblər bunu. Hesab edirəm ki, vəsatət tam əsaslıdır və təmin olunmalıdır. Bundan başqa, Rafael Cəbrayılovun qardaşı və digər şəxs istintaqa cəlb olunmalıdır”.

Vəsatətə münasibət bildirən digər vəkil də cinayət işinin istintaqa qaytarılmasını tələb edərək bildirib ki, Rafael Cəbrayılov sağ olarkən 18 vərəqlik vəsatət qaldırsa da, ona baxılmayıb: “Həmçinin zərərçəkmiş şəxslər pulu Rafaelə yox, bunları edən MTK-nın direktoruna verib”.

Rafael Cəbrayılovun vəkili Tərlan Azayev isə vəsatətə münasibət bildirən zaman prosesdə gərgin anlar yaşanıb. Tərlan Azayev danışanda hüquqi varis sözünü kəsərək onun iki tərəfə işlədiyini deyib. Qaldırılan vəsatət vəkil Tərlan Azayev tərəfindən də müdafiə olunub.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Sülhiyyə Məmmədova da vəsatətlə razılaşaraq cinayət işinin istintaqa qaytarılmasını istəyib: “Mən istintaq zamanı dəfələrlə Elşən Cəbrayılovun adını çəksəm də, onu məsuliyyətə cəlb etməyiblər. Mən 192 min 500 manatı verəndə Rafael Cəbrayılovla yanaşı onun qardaşı Elşən Cəbrayılov, yeznəsi Rasim Qocayev və Mirəhməd Abbasov bir yerdə idilər. Verdiyim puldan heç nə geri qaytarılmayıb. Həmin pula mənə qeyri-yaşayış sahəsi verilməli idi. Pulu verəndən sonra mən həmişə Mirəhməd Abbasov ilə danışmışam. 2016-cı ildə məlum oldu ki, mənə satılmalı olan 250 kvadratmetr qeyri-yaşayış sahəsini Mirəhmədin bacısı Səkinə satışa qoyub. Mənimlə müqaviləni isə Elşən Cəbrayılov bağlayıb, orderi də o verib. Xahiş edirəm vəsatət təmin edilsin və Elşən Cəbrayılov də istintaqa cəlb olunsun”.

Məhkəmə müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib.

Proses dekabrın 16-da davam etdiriləcək.

Xatırladaq ki, Rafael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AFFA Canni de Byazi ilə müqaviləni niyə uzatdı? –

Sonrakı məqalə

Dünənki aksiyada saxlanılanlar barəsində həbs qərarı çıxarıldı –