Hərbi büdcəsi Azərbaycandan 20 dəfə az olan Ermənistan –İki ölkə müdafiə üçün nə qədər pul ayırır? (BEYNƏLXALQ HESABAT)

“Dağlıq Qarabağ münaqişəsi onilliklərdir davam edir. Zəngin neft ehtiyatlarına malik Azərbaycan məhz bu üzdən, Silahlı qüvvələrinin modernləşdirilməsinə böyük vəsait xərcləyib. Ermənistanın Azərbaycanla bu sahədə rəqabət aparması isə onun büdcəsinin boşalması ilə nəticələnir”.

Azpost.info bildirir ki, bu bardədə “Eurasianet.org” saytındakı məqalədə deyilir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yenilənmiş hesabatına əsasən, 2009-2018-ci illərdə Azərbaycanın hərbi xərcləri təxminən 24 milyard dollar təşkil edib. Ermənistan isə eyni dövrdə hərbi sahəyə təxminən 4 milyard dollar ayırıb.

Dövlətin ümumi xərclərini nəzərə aldıqda isə Yerevanın müdafiə sahəsinə daha böyük vəsait ayırdığı görünür. Yenə də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Ermənistan dövlət xərclərinin 21%-ni birbaşa hərbi sahəyə yönəldib. Azərbaycanda bu göstərici təxminən 11%-dir.

Əhalisinin təxminən 26%-i yoxsul olan Ermənistanın hərbi sahəyə bu qədər vəsait xərcləməsi ölkənin iqtisadi inkişafına əngəldir.

Bu arada bir məqamı qeyd etmək yerinə düşər: dünyanın ən böyük silah ixracatçılarından olan Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəfə silah satır. Doğrudur, Moskva Yerevana hərbi avandanlıqları daha güzəştli qiymətə satır və bu, Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasından irəli gəlir. Azərbaycan isə buna cavab olaraq, silah tədarük etdiyi ölkələrin siyahısını şaxələndirir. Bu sahədə o, İsraillə də yaxınlaşıb.

Yeri gəlmişkən, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, Azərbaycan İsraildən hərbi avadanlıqlar tədarük edən ölkələr sıraslnda ikinci yerdədir. İsrailin silah ixracının 17%-i Azərbaycanın payına düşür. Azərbaycan prezidenti İlham Əliyev hələ 2016-cı ildə bəyan etmişdi ki, ölkəsi İsraildən 4,85 milyard dollarlıq hərbi avadanlıq alıb. Üstəlik, bu iki ölkə arasındakı əlaqələr birtərəfli deyil: Azərbaycanın İsrailə 2018-ci ildə ixrac etdiyi məhsulların (əsasən neft) dəyəri 1,3 milyard dollar olub. Bu, Azərbaycanın ümumi ixracatının təxminən 7%-i deməkdir.

Ermənistan isə iqtisadi sahədə daha çox Rusiyadan asılıdır.

Cənubi Qafqazdakı silah yarışında Azərbaycanın neftdən qazandığı dollarlar Ermənistanın hərbi sahəyə ayırdığı dramlardan daha çoxdur. (WorldMedia)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə Suriyada məsələni həll edəndən sonra  Qarabağa yönələcək” –

Sonrakı məqalə

Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində həbs qərarını dəyişmədi