Azərbaycanda avtomobil sahibləri üçün yenilik başlayıb.
Иütün dünyada məşhur olan «carsharing» biznesi ölkəmizdə də yaradılıb. Nəticədə artıq avtomobil sahibləri öz avtomobillərindən istifadə etmədikləri müddətdə onları saat hesabı icarəyə verə biləcəklər.
Bu yeniliyi «Locavis» şirkəti təqdim edib. «Locavis» Azərbaycanda təsis edilmiş ilk avtomobil paylaşma platformasıdır. Onun vasitəsilə istifadəçilər avtomobillərini asanlıqla paylaşa və gəlir əldə edə biləcəklər. Yəni evdə və ya ofisdə olduğu müddətdə avtomobili istifadəsiz qalan şəxslər maşını icarəyə verib pulu qazana bilərlər.
Locavis vasitəsilə həm avtomobil icarəyə götürmək, həm də şəxsi avtomobili paylaşmaq mümkündür. Platformadan həm şirkətlər, həm də fiziki şəxslər istifadə edə bilər. Belə ki, istifadəçilər mobil tətbiq vasitəsilə onlara ən yaxın avtomobili axtarıb tapa və onun şərtləriylə tanış ola bilərlər.
Platformadan istifadə edərək avtomobillərini paylaşmaq istəyənlər onu istədikləri qiymətə və münasib şərtlərlə təklif edə bilər. Bundan əlavə seçilən nəqliyyat vasitəsinin istənilən yerə çatdırılması da mümkündür.
Yeni sistemin üstünlüklərindən biri də – heç bir ödəniş almadan istifadəçiyə avtomobilini istənilən şəxsə, istənilən qiymətə icarəyə verməyə şərait yaratmasıdır.
Şirkətin nümayəndəsi Orxan Fətəliyev FED.az-a bildirib ki, bu tətbiq vasitəsilə cəmi 30 dəqiqəyə istənilən (yəni sistemdə olan) avtomobili bron etmək mümkündür və onu hətta ünvana çatdırmağı da tələb etmək olar. Burada təkcə şirkətlər deyil, istənilən şəxs avtomobilin paylaşıb, istədiyi qiymətə və şərtlərlə icarəyə verə bilər. Gələcəkdə şirkət skuterlərin də icarəsinə şərait yaratmaq niyyətindədir.
«Avtomobil əgər dayanıbsa, bu ölü kapitaldır, onu icarəyə vermək və sürməyəndə də pul qazanmaq olar»-deyə startapın təmsilçiləri bildirirlər. Özü də burada şərtlər ənənəvi avtomobil icarəsindən daha sərfəlidir: «Məsələn, sizin əlinizdə bahalı bir avtomobil var, siz onu “rent a car”a versəniz, “rent a car” avtomobili bilmirsiniz nə vəziyyətə salacaq, kimlərə icarəyə verəcək və yaxud da ki, kimlərə verməyəcək, gündəlik neçəyə icarəyə verib, elə artıq orada “rent a car” vasitəçi olanda sizə avtomobili tam qiymətinə vermir. Bizdə isə siz özünüz öz avtomobilinizi rahat şəkildə tanıdığınız insanlara verəcəksiniz və etibarnamə olmadan. Bu, sizə daha çox sərf eləyir, yəni güvənc baxımından».
Buradakı təhlükəsizlik məsələlərini və riskləri şirkət özünəməxsus şəkildə həll edib. Belə avtomobilin sahibi onu istədiyi şərtlərlə icarəyə verməklə yanşı, istənilən müştəriyə imtina da verə bilər: «Məsələn, sizə təklif gəlir ki, sizin avtomobilinizi götürmək istəyirlər, qarşısında yazılır: baxın, filankəsov filankəsdir, filankəsin neçə yaşı var, onun məsəlçün, sürücülük vəsiqəsinin nömrəsi və etibarlılıq tarixi və siz onun sms radarına girib yoxlaya bilirsiniz ki, bu adamın neçə cəriməsi var, neçə cərimə balı var və s. bu da artıq sizdə o adam haqqında təfəkkür yaratmaqda kifayət eləyir ki, bu adam yaxşı adamdır, yoxsa pis. Və baxırsınız ki, təklifi qəbul eləyəcəksiniz, bu adam gəlib maşını götürür və rahat şəkildə bu proses davam eləyir».
Üstəlik, maşının, məsələn, yalnız Bakı ərazisində sürüülməsi üçün icarəyə verə bilər:
«Əsas digər üstünlüyümüz də oradadır ki, etibarnamə məsələsi. İnzibati xətalar məcəlləsinin 96-cı maddəsinin 1.2-ci bəndində qeyd olunduğu kimi, yol vərəqəsi də həmçinin etibarnaməni əvəz edən sənəd qeyd olunur, orada yol vərəqəsi də nəzərdə tutulur, yol vərəqəsi də həmçinin insanlara avtomobil idarə etməyə hüquq verilir. Və orada digər şeylər də var idi ki, biz insanlara imkan yaradırıq ki, məsəlçün, onlar öz avtomobillərini filan ərazidə sürürlər tutaq ki, o ərazidən qırağa çıxaranda biz onlara deyirik məsəlçün, siz bu avtomobili istifadə ərazisindən qırağa çıxartmısınız. Məsələn, siz avtomobil verirsiniz, biz sizə imkan yaradırıq ki, siz seçəsiniz ki, mənim avtomobilimi Azərbaycanın ümumi ərazisində sürsünlər, yoxsa yalnız tutaq ki, Bakıda, Sumqayıtda, Abşeronda sürsünlər. Biz bu iki ərazi məhdudiyyətini seçməyinizə imkan yaradırıq və seçdiyiniz təqdirdə avtomobil o ərazi məhdudiyyətindən qırağa çıxanda iki tərəfə də bildirim gedir ki, məsələn, sizin avtomobiliniz buradan çıxdı və məsəlçün, siz buradan çıxdığınız üçün cərimələnəcəksiniz, geriyə qayıdın zəhmət olmasa, geriyə qayıtmadığı təqdirdə əslinə qalsa, onun cinayət məcəlləsinin məsuliyyəti var, yəni qanunsuz avtomaşın qaçırma sayılır bir növ və bununla bağlı siz hüquq-mühafizə orqanlarına müraciət eləyə bilərsiniz, çünki biz həmin anda yəni sizin orada “ləğv et”, yəni orada sürücülük hüququnu ləğv eləyə bilirsiniz verdiyiniz adamın, “ləğv et” düyməsini basdığınız anda biz o adamın sistemindən icazəsini silirik, yol patrul xidməti əməkdaşı da baxanda görə bilər ki, məsəlçün, bu adamın icazəsi silinib və maşını götürüb dayanacağa apara bilər və s. bu kimi şeyləri fikirləşmişik».
Məsələnin hüquqi tərəfi etibarnamə ilə deyil onlayn yol vərəqəsi ilə həll edilib: «Yol vərəqəsi ilə bağlı məhdudiyyət yoxdur ki, o fiziki və yaxud da ki, rəqəmsal olmalıdır, biz artıq o yol vərəqəsini rəqəmsal yaratdıq, normal “rent a car”ların verdiyi yol vərəqələri A4 kağızından çap idi və orada rahat şəkildə saxtalaşdırıla bilərdi, bu kimi hallar nəzərdə tutulurdu yəni, bu şeylər ola bilərdi. Amma bizdə elə bir şərait yaratmışıq ki avtomatik, altında QR kod var, telefon vasitəsilə göstərirsiniz, siz məsəlçün, “Rent a car”ın verdiyi yol vərəqəsini yaddan çıxartdınız, evdə qoydunuz və yaxud da cırıldı, itdi, tamam, o avtomobili artıq gün ərzində şəhərdə sürə bilmirsiniz, çünki yol patrul xidməti əməkdaşı saxladı, o kağızı üstünüzdə yoxdursa, itirdiniz. Amma bizdə elə bir şeydir ki, rəqəmsal formada hesabınıza daxil olub istədiyiniz telefondan o yol vərəqəsini göstərə bilirsiniz, altında da QR kod var, yenə də orada saxtalaşdırılma ola bilməz, Qr kodu notariat.az-ın verdiyi etibarnamələr kimi bizdə də elədir, Qr kodu oxudanda o sənədin əsl versiyası bizdə saytda çıxır».
Azərbaycan cəmiyyəti üçün bu, bir növ yenilikdir.
Burada başqa yenilik də var. Ənənəvi avtomobil icarəsində avotmobilin gec qaytarılması və ödənişlə bağlı mübahisələr yarana bilər. Burada isə elə mübahisə yaranmır – kartlar qeydiyyatda olduğuna görə ödənişlər avtomatik edilir: «Siz “Rent a car” olanda avtomobili gec qaytardısa, məsələn, 2 saat gecikdirir, mübahisə düşür, əlavə ödəniş tələb edilir və sair. Bizdə belə hallara ehtiyac olmur, iki tərəfin də bizdə bank kartları qeydiyyatda olur, belə olan halda da biz iki tərəfdən də etdiyi hər hansı bir zidd hərəkət, hüquqi və yaxud da bizim proqramın daxili qanunlarına zidd hərəkətə görə ondan bir cərimə çıxa bilirik, cəriməni də çıxıb qarşı tərəfin kartına ödəyirik. Bu kimi üstünlüyümüz var».
Qeyd edək ki, yeni sistem cəmi 20 gün əvvəl işə düşüb. Bu müddətdə sistemdə 400 nəfər potensial istifadəçi və 10-a qədər avtomobil qeydiyyatdan keçib.