İctimai yerlərdə 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb –

DİN
03 Aprel 2021 - 14:23

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyənləşib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, müvafiq səhiyyə qurumları bu barədə məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən Nəsimi rayon sakini M.Abdullayev və Ağdaş rayon sakini M.Abdurəhmanov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaş barəsində araşdırma davam etdirilir.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.