İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Bankın prezidenti Masatsuqu Asakavanı salamlayan Prezident İlham Əliyev deyib:
– Sabahınız xeyir, cənab prezident. Sizi görmək çox xoşdur.
Masatsuqu Asakava: Sabahınız xeyir, cənab Prezident. Çox sağ olun. Gərgin iş qrafikinizə baxmayaraq, vaxt tapıb bizimlə görüşdüyünüzə görə təşəkkür edirik. Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir. Burada söhbət təkcə bir sıra layihələrdən getmir, həmçinin bizim birgə regional əməkdaşlığımız da mövcuddur. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsi olmuşdur.
Şəxsən Sizinlə və hökumətinizlə birbaşa əlaqə mən və heyətim üçün olduqca vacibdir. Biz etibarlı tərəfdaşınız olaraq COVID-19 pandemiyasının yayıldı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxta Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyirik. Bu, bizə ölkənizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri hazırlamağa imkan verəcəkdir.
Bu videokonfransa Asiya İnkişaf Bankının Direktorlar Şurasında Azərbaycan üzrə icraçı direktor Antoni Makdonald, bankın vitse-prezidenti Şiksin Çen, Mərkəzi və Qərbi Asiya üzrə baş direktor Verner Lipax və bankın Azərbaycan ofisinin direktoru Nariman Mannapbekov da qoşulub.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab prezident. İlk növbədə, sizi Asiya İnkişaf Bankının prezidenti seçilməyiniz münasibətilə təbrik etmək və fəaliyyətinizdə uğurlar arzulamaq istərdim. Əminəm ki, sizin rəhbərliyiniz dövründə Azərbaycan və Asiya İnkişaf Bankı son 20 ildə olduğu kimi, sıx şəkildə işləməyə davam edəcək. Qeyd etdiyiniz kimi, biz çox güclü tərəfdaşlıq qurmuşuq. Biz hamımız Asiya İnkişaf Bankının illik toplantısının 2015-ci ildə Bakıda keçirildiyini xatırlayırıq. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlaməti idi və görüş çox uğurla keçdi.
Bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü – Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir.
Hazırda biz yeni layihələr üzərində işləyirik. Mənə verilən məlumata görə, bizim portfelimizdə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, qarşıdakı illərdə əməkdaşlığımız davam edəcək. Sizin burada – Bakıdakı və mənzil-qərargahınızdakı komandanız bizim prioritetlərimizi, inkişafımız üçün prioritetlərin nədən ibarət olduğunu bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır.
Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq.
Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır. Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün əlbəttə ki, çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.
Mən bilirəm ki, çox ölkələr, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub.
Masatsuqu Asakava: Təşəkkür edirəm, cənab Prezident. Pandemiya ilə mübarizə və onun Azərbaycana təsiri ilə bağlı həyata keçirdiyiniz nəhəng islahat paketi barədə mənə məlumat verilib. Sizin rəhbərliyinizlə beynəlxalq platformalarda – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi məndə dərin təəssürat yaratdı. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq haldır. Həmçinin bilirəm ki, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib.
Bununla yanaşı, fürsətdən istifadə edərək, hökumətinizin 13-cü Asiya İnkişaf Fonduna töhfə vermək qərarına görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dünyanın yoxsul və həssas vəziyyətdə olan ölkələri bu imkandan yararlanacaqdır. Təşəkkür edirəm.
COVID-19-la bağlı vəziyyətə gəldikdə, mənə hökumətiniz tərəfindən pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması barədə məlumat verilib. Bu, onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir.
Cari ilin ilk 4 ayı ərzində ölkənizin makroiqtisadi göstəriciləri kifayət qədər sabit olmuşdur. Dövlət büdcəsinə daxilolmalarda artımın olması təqdirəlayiqdir, lakin ilin ikinci yarısında güclü azalma riskləri ehtimalı mövcuddur. Bu baxımdan, tərəfinizdən ümumi daxili məhsulun 4,3 faizinə bərabər, geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addımların atılmasını, sosial tədbirləri və biznesin dəstəklənməsini alqışlayırıq. Bildiyim qədər, Azərbaycanın Mərkəzi Bankı da maliyyə sektorunun dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.
Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava rəhbərlik etdiyi qurumun COVID-1-la mübarizə sahəsində dəstək paketi haqqında məlumat verib. Bildirib ki, bu paketə tibbi ləvazimat və şəxsi qoruyucu vasitələrin alınması üçün qrantların ayrılması, iqtisadiyyata və cəmiyyətə təsirin azaldılması üçün büdcə dəstəyi, özəl sektorda işlə təminatın və fəaliyyətin dayanıqlı olması üçün kredit və zəmanətlərin verilməsi məsələləri daxildir. O, 2016-cı ildə neftin qiymətinin kəskin aşağı düşdüyü bir şəraitdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı bankın Azərbaycanla əməkdaşlığı məsələsinə də toxunub. Bildirib ki, bank tərəfindən hazırda ölkələrin bütün ehtiyaclarının qarşılanması və Asiya İnkişaf Bankı ilə uzunmüddətli əlçatanlığın təmin edilməsi məqsədilə müvafiq meyarlara cavabvermənin dəyərləndirilməsi aparılır və beləliklə, hər bir ölkə üçün kreditin maksimal məbləğı müəyyən edilir.
Prezident İlham Əliyev: Çox sağ olun, cənab prezident. Əvvəla qeyd etmək istərdim ki, koronavirusla mübarizədə və dünya miqyasında göstərdiyimiz təşəbbüslərlə bağlı yaxşı məlumatlı olmağınız məni çox sevindirir. Belə təsadüf edib ki, Azərbaycan hazırda sizin də qeyd etdiyiniz kimi, iki təşkilata – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir. Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir.
Həmçinin bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.
Əməkdaşlığımızla bağlı yeni ideyalara gəlincə, biz bunda çox maraqlıyıq. Çünki mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq. Əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarını təşkil edirik. Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, “Şahdəniz”dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi. Düşünürəm ki, sizin çox dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində mühüm rol oynadı.
Sonra çıxış edən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib: Çox sağ olun, cənab Prezident, prezident Asakava. Cənab Prezident, söhbətinizin davamı olaraq bildirmək istərdim ki, hazırda biz Asiya İnkişaf Bankı ilə ölkə üzrə biznes əməliyyatları strategiyası əsasında işləyirik. Bu strategiya çərçivəsində Asiya İnkişaf Bankı qarşıdakı 3-4 il üçün Azərbaycanla bağlı kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Bildirmək istərdim ki, hazırda onlar, həmçinin Azərbaycanla bağlı çox mühüm texniki yardım proqramlarında olduqca fəal iştirak edirlər. Onların bir neçəsi həqiqətən də çox mühümdür, xüsusilə layihəyə hazırlıq mexanizmi. Bu da, həmçinin kredit vasitəsilə tamamlana bilən texniki yardım proqramıdır. Cənab Prezident, başqa bir mühüm layihə startapların yaradılması üçün texniki yardım layihəsidir. Bunlar olduqca mühüm layihələrdir.
Maliyyə naziri Samir Şərifov Azərbaycanda peşə təlimi sisteminin gücləndirilməsi məsələsi ilə bağlı bankla əməkdaşlığa toxunaraq bildirib ki, hazırda Asiya İnkişaf Bankının təqdim etdiyi peşə təhsili təlimi layihəsi ilə əlaqədar bu qurumla Təhsil Nazirliyi arasında müzakirələr başlayıb. Nazir qeyd edib ki, digər layihə əsasən özəl və maliyyə sektoru ilə bağlıdır. Bildirib ki, ənənəvi layihələr arasında suvarma layihələri var. Asiya İnkişaf Bankı dövlətimizin başçısının imzaladığı fərmanla Azərbaycanda sudan istifadə məsələləri ilə məşğul olmaq üçün hökumət yanında Operativ Qərargahın yaradılmasından məlumatlıdır və bu məsələyə töhfə vermək niyyətindədir. Samir Şərifov deyib ki, Asiya İnkişaf Bankı bu sahədə Naxçıvan Muxtar Respublikasında layihəni nəzərdən keçirməyi təklif edir.
Masatsuqu Asakava: Azərbaycanın dayanıqlı inkişafına verdiyimiz töhfənin hansı şəkildə olması aydın oldu. İcazə verin, bir neçə məqamı qeyd edim. Asiya İnkişaf Bankı Sizin hökumətinizin iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və inklüziv artımın təşviqinə, eləcə də koronavirus böhranından tez bir zamanda iqtisadiyyatın bərpa olunmasına yönəlmiş strateji inkişaf gündəliyinə verdiyi dəstəyi davam etdirəcək. Bu halda, şaxələndirilmiş iqtisadiyyatın tələbatlarına daha yaxşı cavab vermək, dövlət və özəl sektorlar arasında tərəfdaşlığı təşviq etmək üçün infrastrukturun da inkişafı nəzərdə tutulur. Bütün bunlar Sizin ölkənizlə apardığımız tərəfdaşlığın strateji prioritetləridir. Dövlət və özəl sektorlar arasında tərəfdaşlıq hökumətlə həyata keçirdiyimiz layihələrin əsas mövzusu kimi qalmaqdadır. İdarəçilik sahəsində olduqca fəal mövqedən çıxış etməliyik. Bu sahəyə xarici borcun ümumi daxili məhsula nisbəti məsələsi aiddir və bu nisbət gözlənildiyindən daha sürətli templə azalmaqdadır. Mən mövqeyinizi tam anlayıram ki, Siz innovativ, tam yeni texnoloji layihələrə sərmayələrin yatırılmasını dəstəkləyirsiniz. Bundan irəli gələrək, rəhbərlik etdiyim heyət əlindən gələni edir ki, bütün həmin layihələrin hiss olunan nəticələri yüksək texnologiyalar sahəsində olsun. İstərdik ki, onların hökumətin strateji hesab etdiyi sahələrə böyük təsiri özünü göstərsin. Məsələn, su ehtiyatları, idarəçilik, maliyyə, enerji səmərəliliyi və digər sahələr.
Bir sözlə, yuxarıda qeyd olunanlardan irəli gələrək və hökumət orqanları ilə məsləhətləşərək, mənim əməkdaşlarım bir sıra sənədləri hazırlayıblar. Birincisi, cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, suvarma və drenaj sistemlərinin inkişaf etdirilməsi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, ikincisi, peşə təhsili və ticarətin liberallaşdırılması da nəzərdə tutduğumuz proqramın bir hissəsidir. Nəhayət, üçüncüsü katalizator rolunu oynayacaq kiçik və orta sahibkarlığın maliyyələşdirilməsidir. Biz, həmçinin elektrik enerjisinin paylanması sahəsində götürdüyümüz öhdəliklərə sadiq qalırıq. Bu məqsədlə, elektrik şəbəkəsinin təkmilləşdirilməsinə sərmayə proqramı nəzərdə tutulur. Əgər Sizin hökumət müsbət qərar verərsə, bu proqramlar icra oluna bilər.
Cənab Prezident, Siz, həmçinin Cənub Qaz Dəhlizi layihəsini qeyd etdiniz. Mən bu layihənin əsas mərhələlərinin başa çatması münasibətilə Sizi təbrik edirəm. Asiya İnkişaf Bankı da bu layihənin cari il ərzində tam başa çatdırılması məqsədilə maliyyə dəstəyini davam etdirəcək.
Sonra bankın Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Verner Lipax çıxış edərək deyib: Təşəkkür edirəm, cənab Prezident. Burada olmağıma çox şadam. İcazənizlə xatırladım ki, biz Sizinlə 2018-ci ildə görüşmüşük. Həmin vaxt Siz bizi kənd təsərrüfatı torpaqlarında suvarmanın yüksək texnologiyalarını tətbiq etməyə dəvət etdiniz. Siz Asiya İnkişaf Bankının Naxçıvan Muxtar Respublikasında aparılan işlərə verdiyi töhfəsini qeyd etdiniz. Bunun əsasında, biz Naxçıvanda suvarma sistemlərinin inkişaf layihəsini hazırlamağa başladıq. Bu ilin yanvar ayında suvarma sistemlərinin texniki əsaslandırılması məqsədilə 1,2 milyon dollar həcmində qrant ayrılmışdır. May ayında biz bu sənədi Sizin Sərəncamınızla 2020-ci ilin aprel ayında yaradılmış Dövlət Su Ehtiyatları Komissiyasına rəy almaq üçün təqdim etmişik. Əslində, bu layihə su kanallarında geomembran texnologiyasının tətbiqini, kanal istiqamətinin seçilməsində Coğrafi İnformasiya Sistemindən istifadəni, nəzarət qurğularını və məlumat bazasının qurulmasını, o cümlədən SKADA sistemindən istifadəni nəzərdə tutur. Həmçinin kənardan idarə edilməsi, peyklə baxış üsulu ilə suyun məhsuldarlığı və sistemin işləməsi də sınaqdan keçiriləcək. Bütün bu işlər torpaqların şoranlaşmasının azaldılmasına və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına yönəlib.
Verner Lipax peşə təhsili sistemində ölkəmizlə əməkdaşlığın genişləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb. Qeyd edib ki, bu ilin fevralında peşə təhsilinin inkişafı ilə bağlı təklif edilmiş proqram Dördüncü Sənaye İnqilabına uyğunlaşmaq baxımından seçilmiş sənaye sahələrinə və peşə bacarıqlarının formalaşdırılmasına yönəlir. Bu, həm də Davosda əldə olunmuş razılıq əsasında Bakıda Dördüncü Sənaye İnqilabının regional mərkəzinin yaradılması ideyası ilə üst-üstə düşür. Daha sonra o, kiçik və orta müəssisələr üçün maliyyə işlərinin tənzimlənməsi layihəsi barədə danışıb və bildirib ki, kiçik şirkətlərin həvəsləndirilməsi, onların maliyyəyə çıxışının təkmilləşdirilməsi üçün hökumət ilkin mərhələ üzrə maliyyələşdirmə portfelini hazırlaya bilər. Verner Lipax bu məqsədlə hökumətə pul vəsaitləri ayırmalarının və həmin kreditlər portfelinin yerli valyuta ilə, yəni, manatla formalaşdırılmasının mümkünlüyünü vurğulayıb.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Burada qaldırılmış bütün məsələlər böyük əhəmiyyətə malikdir və mən onların bəziləri ilə bağlı şərhlərimi bildirəcəyəm. Peşə təlimi ilə bağlı məsələlər üzərində uğurla irəlilədiyimizdən məmnunam. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Biz artıq bəzi ölkələrlə təmaslar yaratmışıq və bəzi layihələri icra etmişik. Biz Azərbaycanda binalar inşa etməklə, avadanlıq almaqla bütün infrastruktura sərmayə yatırmışıq və onlar da öz texnologiyalarını gətiriblər. Buna görə də xüsusilə indi, fəal sənaye inkişafını yaşadığımız bir dönəmdə yaxşı mütəxəssislərin hazırlanması böyük əhəmiyyətə malikdir. Bu ilin bir göstəricisini sizə deyə bilərəm. İlk dörd ay ərzində ümumi daxili məsul artımının çox az – 0,2 faiz olmasına baxmayaraq, həmin dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur. Bu, həqiqətən onu göstərir ki, bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir. Buna görə də qeyri-enerji sektorunun sürətli artımı əminəm ki, davam edəcəkdir və bunun üçün də bizə bu biznesi apara bilən yaxşı mütəxəssislər lazım olacaqdır. Odur ki, mən peşə təlimi ilə məşğul olmağımızı çox dəstəkləyirəm və həmçinin kiçik və orta müəssisələrə yerli valyuta ilə dəstəyin göstərilməsi vasitəsilə özəl sektora dəstəyiniz də çox faydalıdır. Bildiyiniz kimi, bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir.
Suvarma ilə bağlı məsələlərə gəldikdə, sizin mənim müraciətimə cavabınız üçün minnətdaram. Mənə verilən məlumata görə, Naxçıvandakı suvarma layihəsi indi artıq razılaşdırılmağa çox yaxındır. Mənə məlumat verildi ki, kreditin ümumi məbləği təqribən 100 milyon ABŞ dolları olacaqdır. Hesab edirəm ki, bu, Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün çox faydalı olacaqdır. Biz dövlət investisiya proqramı vasitəsilə Naxçıvanın irriqasiya sahəsində inkişafına hər il sərmayə yatırırıq. Lakin əlbəttə ki, əlavə vəsait, üstəgəl, sizin mütəxəssis təcrübəniz çox faydalı olacaqdır. Bundan əlavə, sizin bütün ölkə ərazisində suvarma ilə bağlı planlarımızı nəzərdən keçirməyinizi istərdim. Biz hazırda vəziyyəti qiymətləndiririk və çox böyük su itkiləri ilə üzləşdiyimizi görürük. Bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk. Buna görə də müxtəlif nazirlərin təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirak edəcəyi xüsusi hökumət komissiyası yaradılmışdır. Onlar bizim bütöv su potensialımızı qiymətləndirəcək və prioritetləri, hansı işləri görməli və hansı investisiyaları yatırmalı olduğumuzu müəyyən edəcəklər. Buna görə sizdən bu layihəni nəzərdən keçirməyi xahiş etmək istərdim. Ümidvaram ki, bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin ilk nəticələri bizdə olacaq. Biz suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə başlaya bilərik. Buna görə də texniki dəstək və maliyyə dəstəyi baxımından biz bu məsələ üzərində sizinlə çalışmağa məmnun olarıq.
Bu gün toxunmaq istədiyim digər bir məsələ, – siz artıq onu qeyd etdiniz, – enerji səmərəliliyi məsələsidir. Biz indi iki şirkətdə Azərenerji və Azərişıqda bu işləri aparırıq. Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır. Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır. İnvestisiya tamamilə xaricdən gələcəkdir və Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır. Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim.
Həmçinin sizin də düzgün qeyd etdiyiniz kimi, Davos Dünya İqtisadi Forumu ilə bizim münasibətlərimiz indi yeni mərhələyə qədəm qoyub. Yanvar ayında cənab Börge Brende və mən Davosda Azərbaycanda region üzrə Dördüncü Sənaye İnqilabının regional habının yaradılması üzrə sənədi imzaladıq. Hesab edirəm ki, bu, bizim sənaye inkişafında gördüyümüz səylərin yaxşı qiymətləndirilməsinin bir nümunəsidir. Biz nəinki təkcə Azərbaycan üçün, eyni zamanda, region üçün çox güclü platformanın necə inkişaf etdirilməsi ilə bağlı sizinlə işləməyə hazırıq ki, çox imkanlar yaratmaq məqsədilə mövcud infrastrukturumuzdan, bağlılıqdan və Azərbaycanın coğrafi mövqeyindən istifadə etmək mümkün olsun.
Toxunmaq istədiyim digər bir məsələ budur ki, biz dəmir yolu layihəsi ilə bağlı artıq birlikdə işləmişik. Lakin biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan – Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir.
Masatsuqu Asakava: Çox sağ olun cənab Prezident. Çox şadam ki, biz Asiya İnkişaf Bankının suvarma, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələri vasitəsilə Azərbaycanın dayanıqlı inkişafına hansı şəkildə töhfə verəcəyi ilə bağlı eyni fikirdəyik. Cənab Prezident, Siz, həmçinin bərpa olunan enerjini qeyd etdiniz. Bu sahəyə də biz böyük töhfə vermək istərdik. Eyni zamanda, Siz dəmir yolu sisteminin bərpasını qeyd etdiniz. Asiya İnkişaf Bankının ciddi şəkildə hansı töhfə verə biləcəyi üzərində düşünəcəyik və qısa zamanda sizə cavab verəcəyik.
Verner Lipax: Bir sözlə, əvvəlki təcrübəmizə əsaslanaraq, yeni işləri icra edə bilərik. Fikrimcə, həmkarlarımız Sizinlə bu gündəliyin icrası üçün işləməkdən çox məmnun olardı. Sağ olun.
Prezident İlham Əliyev: Çox yaxşı.
Masatsuqu Asakava: Biz Azərbaycandakı vəziyyətlə bağlı çox faydalı müzakirə üçün olduqca minnətdarıq. Biz qadağalar aradan götürülən kimi mümkün qədər qısa müddətdə və Sizin vaxtınız olarsa, Azərbaycana səfər etməyi arzulayırıq.
Prezident İlham Əliyev: Çox sağ olun cənab prezident. Bu mühüm məsələlərlə bağlı sizinlə müzakirə aparmaq imkanına görə təşəkkür edirəm. Cənab prezident və iştirakçılar, əminəm ki, pandemiya bitən kimi bizə sizi Azərbaycanda qəbul etmək şərəfi nəsib olacaq. Mən sizi dəvət edirəm, bu məsələləri həll etməyə də sizi dəvət edirəm. Komandalarımız bu gün müzakirə etdiyimiz məsələlər üzərində çalışmağa davam edəcəklər. Çox sağ olun.
Masatsuqu Asakava: Sağ olun.