İlham Əliyev Vatikanın prefektini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.

Söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın Azərbaycanın regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olunub, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulanıb.

Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edilib, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirilib.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunulub, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edilib.

Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.