Amerikalı iş adamı, ”SpaceX” şirkətinin rəhbəri İlon Mask etirazlar zamanı İranda internetin kəsilməsi ilə bağlı “Starlink” peyk rabitəsi şəbəkəsinə giriş haqqını ləğv edib.
Bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, bu, Maskın Starlink-dən yumşaq güc aləti kimi istifadə etdiyi ilk hal deyil. Əvvəllər Starlink” vasitəsi ilə Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla, ukraynalılara pulsuz internet imkanı təmin edilmişdi.
Beynəlxalq internet monitorinq xidməti NetBlocks-un məlumatına görə, İranda internetə giriş 96 saatdan çoxdur ki, bloklanıb. Yanvarın 9-da İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindən bloklanmış internet xidmətlərinin bərpası üçün tədbirlər gördüyünü açıqlayıb.
Yanvarın 12-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, etirazlar zamanı xarici koordinasiyalı terror əməliyyatları başladıqdan sonra İranda internet məhdudiyyətləri tətbiq olunub.